“ŞƏKƏRPARYƏN” PARKI İLƏ TANIŞLIQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslamabaddakı “Şəkərparyən” parkına gəlmişdir.
Bu parkın salınmasına Pakistan İslam Respublikasının yaradıldığı ilk ildən başlanmışdır.
Prezident İlham Əliyev burada 1996-cı ilin aprelində ümummilli liderimiz Heydər Əliyevin Pakistana rəsmi səfəri zamanı əkdiyi ağaca baxdı.
Dövlətimizin başçısına məlumat verildi ki, ötən illər ərzində Pakistan İslam Respublikasının qonaqları - xarici ölkələrin məşhur dövlət və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlər bu parkda xatirə olaraq ağac əkmişlər və bunların hər birinə diqqətlə qulluq edilir.
Prezident İlham Əliyev parkla tanış oldu və xatirə ağacı əkdi, sonra İslamabad şəhərinin gözəl mənzərəsini seyr etdi. Ölkəmizin rəhbərinə məlumat verildi ki, paytaxtın genişləndirilməsi, yeni park və küçələrin salınması nəzərdə tutulur.
Azərbaycan Prezidenti İlham Əliyev parkın xatirə kitabına ürək sözlərini yazdı. Dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olundu.