Şəki Dövlət Dram Teatrında pandemiya dövrünün tələblərinə uyğun yeni tamaşalar hazırlanır
Şəki, 13 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikamızda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar fəaliyyətini bir müddət onlayn qaydada həyata keçirən Şəki Dövlət Dram Teatrı yeni tamaşalar üzərində məşqləri artıq teatr səhnəsində davam etdirir.
Teatrın ədəbi dram hissəsinin müdiri və mətbuat katibi Sevda Rəsulqızı AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dünyada hökm sürən mövcud pandemiya vəziyyəti ilə əlaqədar Mədəniyyət Nazirliyinin tövsiyəsinə əsasən Şəki teatrının 2020-ci il üçün repertuarında müəyyən dəyişikliklər edilib. Kütləvi səhnələri olan tamaşalar daha azsaylı aktyor heyətinə malik səhnə əsərləri ilə əvəzlənib.
Ədəbi dram hissəsinin müdirinin sözlərinə görə, hazırda teatrda baş rejissor, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluş verdiyi bolqar yazıçısı Stanislav Stratiyevin “Avtobus” komediyası üzərində məşqlər gedir. Fransız yazıçısı və kinorejissoru Jan Koktonun “İnsan səsi” monopyesi əsasında hazırlanan monotamaşa isə tam hazırdır.
Tənha qadının faciəsi üzərində qurulan bu səhnə əsərinin əsas və yeganə qəhrəmanını aktrisa Lalə Məmməd canlandırır. Tamaşaya gənc rejissor Əlisahib Cəlilov quruluş verib. Bu, eyni zamanda, onun ilk səhnə işidir. Tamaşanın musiqi tərtibatçısı Zeynəb Orucova, quruluşçu və geyim üzrə rəssamı Sahib Əhmədov, xoreoqrafı Çingiz Novruzəliyevdir.
Sevda Rəsulqızı bildirib ki, xüsusi karantin rejimi günlərində bu sənət ocağı pərəstişkarlarını onlayn tamaşalarla sevindirib. Tamaşaçılar evdə qaldıqları müddətdə teatrın rəsmi “facebook” səhifəsində repertuarda olan bir çox tamaşanı onlayn şəkildə izləmək imkanı əldə ediblər.