REGİONLAR
Şəkidə indiyədək 43 min hektardan çox sahədə payızlıq səpin aparılıb
Şəki, 19 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 25 min 340 hektarı dən üçün arpa, 18 min 110 hektarı buğda olmaqla, 43 min 450 hektar sahəyə toxum səpiblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Sektor müdiri bildirib ki, rayonda gələn ilin məhsulu üçün 66 min 100 hektar sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 36 min 350 hektarına buğda, 29 min 750 hektarına isə arpa səpiləcək. Bu məqsədlə indiyədək təsərrüfatlarda 63 min 830 hektar sahədə şum qaldırılıb və bu iş davam etdirilir. Səpin üçün 13,3 min ton arpa və buğda toxumu tələb olunur. Toxumçuluq təsərrüfatları tərəfindən lazımi qədər toxum ehtiyatı yaradılıb. Ümumilikdə, səpin kampaniyasına 282 ədəd şum traktoru, 65 ədəd toxumsəpən aqreqat və digər texnikalar cəlb edilib.
Xatırladaq ki, cari mövsümdə rayonda 63 min 531 hektar sahənin məhsulu biçilib, 204 min 907 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 32,3 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 6 min 191 ton artıb.