ŞƏKİDƏ İSTEHSALÇILARLA ŞİRKƏT NÜMAYƏNDƏLƏRİNİN TAXILIN ALQI-SATQISI İLƏ BAĞLI GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə taxıl istehsalçılarına məhsul satışında kömək məqsədi ilə avqustun 30-da Şəki şəhərində alıcı şirkətlərin nümayəndələri ilə fermerlərin görüşü təşkil edilmişdir.
Şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov bu il rayonda rekord miqdarda - 212 min ton taxıl istehsal edildiyini bildirmiş, indi əsas diqqətin istehsal olunmuş məhsulun fermerləri qane edəcək qiymətlərlə alıcı şirkətlərə satışının təşkilinə yönəldiyini vurğulamışdır. Bu tədbirin məhz istehsalçı və alıcı arasında birbaşa əlaqənin yaradılması məqsədi daşıdığını deyən N.İbrahimov bu xeyirxah təşəbbüsə görə nazirliyin rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Bol məhsul topladıqlarına görə Şəki taxılçılarına təşəkkür edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova əldə olunan nailiyyətlərin ölkəmizdə uğurla həyata keçirilən aqrar islahatların və Azərbaycan Prezidentinin kənd təsərrüfatının inkişafına göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olduğunu bildirmişdir. O demişdir ki, məhz bu qayğının nəticəsində cari ildə Azərbaycanda qarğıdalı istisna olmaqla, 2 milyon 300 min tondan artıq taxıl istehsal olunmuşdur. Bunun 1 milyon 600 min tondan çoxunu buğda təşkil edir. Buğda istehsalında Şəki rayonu 145 min ton nəticə ilə birincidir.
Nazir müavini məlumat vermişdir ki, Nazirlər Kabinetinin, kənd təsərrüfatı və iqtisadi inkişaf nazirliklərinin nümayəndələri avqustun 19-20-də Şəkidə olmuş, fermerlərlə görüşmüş, onların problemləri ilə maraqlanmışlar. Məlum olmuşdur ki, fermerlər istehsal etdikləri məhsulun satışında müəyyən problemlərlə üzləşmiş, buğdanın satışında durğunluq yaranmışdır. İqtisadi İnkişaf Nazirliyi bunu nəzərə alaraq, iri alıcı şirkətlərlə istehsalçıların birbaşa əlaqələrinin yaradılması təşəbbüsünü irəli sürmüşdür.
Həmin təşəbbüsə ilk qoşulan “Fatoğlu” şirkətinin nümayəndəsi Bəkir Zere taxılın alış şərtləri ilə bağlı fermerləri maraqlandıran məsələlərə toxunmuşdur.
Sonra istehsalçılarla şirkət nümayəndələri arasında məhsulun satışı ilə bağlı razılaşmalar əldə edilmişdir.
######
![]() |
![]() |

