Şəkili usta Soltan İsmayılov şəbəkə sənətini yeni ornamentlərlə zənginləşdirir
Şəki, 25 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Haqqında söhbət açacağımız Soltan İsmayılov Şəkidə yaxşı tanınan şəbəkə ustalarındandır. O, ömrünün 45 ilini şəbəkə sənətinə həsr edib. Yaradıcılığında daim yeniliklər etməyə can atan Soltan usta uzun müddətdir şəbəkə sənətinin yeni formaları, çalarları üzərində işləyir.
AZƏRTAC-ın bölgə müxbiri Şəki şəhərindəki “Sənətkarlar evi”ndə şəbəkə ustası Soltan İsmayılovun emalatxanasında olub, onu bu sənətə bağlayan tellərlə maraqlanıb.
Ustanın dediyinə görə, 1958-ci ildə Şəki şəhərində dünyaya göz açıb. Uşaq yaşlarından incəsənətə, tarixə marağı olub. 1978-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycanın tanınmış şəbəkə ustası Əşrəf Rəsulovun nəzdində açılan şəbəkə kursuna yazılıb. Əşrəf ustanın yanında şəbəkə sənətinin ilk sirlərinə yiyələnib, incəliklərini öyrənib. “Əşrəf usta həm də qohumum idi. Məni kursa özü şəxsən dəvət etmişdi. Bilirdi ki, şəbəkə sənətinə marağım var. Şəbəkə kursu il yarım olmasına baxmayaraq, ustanın yanında 5 il qaldım, öyrəndim. O vaxtlar ali məktəb tələbələrinə 35 manat təqaüd verilirdi. Bizə isə bu sənətə daha da bağlanmağımız üçün 2 dəfə çox, yəni 70 manat təqaüd verilirdi”,- deyə usta qeyd edib.
Həmsöhbətimiz deyib ki, şəbəkə sənəti taxta və rəngli şüşələrdən əmələ gələn bir sənət növüdür. Yəni, taxta və şüşədən hazırlanmış bir növ xalıdır. Şəbəkənin ən əsas elementlərindən biri onun işıqlanmasıdır. Şəbəkə pəncərələrdə, qapılarda yerləşdiriləndə arxadan düşən günəş şüaları ona xüsusi gözəllik verir. “Hər bir sənətkarın sənət sahəsində özünün bir növ profili var. Elektrik lampası ilə şəbəkənin işıqlandırılması işini bu sənətə mən gətirmişəm. İlkin təcrübə olaraq xırda ölçülü şəbəkə növünü kiçik elektrik lampası ilə işıqlandırmışam. Sonralar bu praktikadan dəfələrlə istifadə etmişəm, arxasında lampa ilə işıqlanan şəbəkə növləri hazırlamışam”, - deyə şəbəkə ustası vurğulayıb.
Qırx dörd günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən ruhlanan Soltan usta yaradıcılığında Qələbə mövzusuna xüsusi yer ayırıb. Hazırladığı son əsərində şəbəkənin mərkəzində Şuşanın rəmzi olan xarıbülbül çiçəyini əks etdirib. Şəbəkənin kənar haşiyəsində üçrəngli bayrağımızın rənglərindən istifadə edib. Ənənəsinə uyğun olaraq, şəbəkənin arxasında led lampa ilə işıqlandırma verib.
Qeyd edək ki, Soltan ustanın hazırladığı şəbəkə işlərinə Azərbaycanın hər bir guşəsində rast gəlmək mümkündür. Hələ sovetlər dönəmində onun əl işləri Efiopiya, Madaqaskar, Cənubi Koreya və digər ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilib.
Şəbəkə ustası hazırda Şəkinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən “Sənətkarlar evi”ndə bu qədim diyarın sənətkarlıq ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi işinə öz töhfəsini verməkdədir.