Şəkinin kəndlərində güclü yağıntılardan sonra ciddi eroziya və torpaq deqradasiyası müşahidə olunub
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev, elmi işçilər Aqil Mustafayev, Elvin Rüstəmov və şöbənin digər əməkdaşı Elvin Qarayev tərəfindən Baş Layısqı və Cunud kəndlərində müşahidə olunan intensiv atmosfer yağıntılarının yaratdığı ekoloji fəsadların qiymətləndirilməsi məqsədilə monitorinq aparılıb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədqiqat çərçivəsində kəndlərdə eroziya prosesləri, torpaq örtüyünün deqradasiyası və səth yuyulmalarının miqyası öyrənilib. Əsas müşahidələr Şin və Baş Layısqı kəndləri arasındakı ərazidə, xüsusilə kəndin giriş hissəsində, eləcə də Baş Layısqı kəndinin Şəhidlər xiyabanı ətrafında aparılıb, ölçmə və vizual müşahidələr nəticəsində həmin sahələrdə güclü su eroziyası prosesinin baş verdiyi, bəzi hissələrdə 4 metrdən artıq dərinlikdə yuyulmaların formalaşdığı və yeni dərə yataqlarının yarandığı müəyyən edilib.
Bununla yanaşı, Cunud kəndinin hər iki giriş hissəsində də eroziya proseslərinə baxış keçirilib, geomorfoloji dəyişikliklərin qiymətləndirilməsi məqsədilə müvafiq ölçmə işləri aparılıb.