ŞƏMKİR RAYON İCRA HAKİMİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ GÜRCÜSTANLI SOYDAŞLARIMIZA YARDIM APARMIŞLAR
Yırğançay kəndi dörd tərəfdən erməni kəndləri ilə əhatə olunub. O, çoxdan unudulmuş bir kənd idi. Burada çoxlu problemlər var idi. Camaatın imkansızlığı üzündən problemləri həll etmək mümkün deyildi. Buna görə də ağsaqqallar yardım üçün Azərbaycan Prezidenti İlham Əliyevə xahişlə müraciət ediblər.
Cavabı çox gözləmək lazım gəlməyib. Dövlətimizin başçısının tapşırığı ilə Şəmkir rayon rəhbərliyinin nümayəndələri bu günlərdə kəndə gələrək, vəziyyətlə yerində tanış olmuş və görüləcək işləri müəyyənləşdirmişlər. Elə bu günlərdə şəmkirlilər Yırğançay kəndində olub, lazımi yardım göstərmişlər. Prezident İlham Əliyevin Yırğançay sakinlərinə bu qayğısı ilə əlaqədar kənddəki mədəniyyət evində geniş mərasim keçirilmişdir.
Dmanisi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Qurban Əhmədov tədbirin iştirakçılarını salamlayaraq, Şəmkir Rayon Ziyalılar Birliyinin sədri Səyyad Rüstəmova söz vermişdir. O, buraya rayon rəhbərliyinin tapşırığı ilə gəldiyini bildirmiş, məktəbin təmiri üçün maddi yardımı təhsil ocağının direktoruna təqdim etmişdir. Məktəbin direktoru Aslan İdrisoğlu yırğançaylıların xahişinə cavab olaraq, onlara yubanmadan yardım göstərdiyinə, məktəbə dərsliklər göndərdiyinə görə Prezident İlham Əliyevə, Şəmkir rayon rəhbərliyinə kənd sakinləri və müəllim-şagird kollektivi adından təşəkkür etmişdir.
Qeyd edilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin Gürcüstandakı soydaşlarımıza qayğı və diqqət göstərməsi ənənəsinə sadiq qalaraq, onlara daim yardım edilməsinin qeydinə qalır. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə Şəmkir rayonunun rəhbərliyinin nümayəndələri Dmanisi rayon mərkəzindəki xəstəxanada olublar. Müalicə ocağının əsaslı təmiri üçün özləri ilə gətirdikləri maddi yardımı xəstəxananın kollektivinə təqdim ediblər. Burada çalışan həkimlər ümummilli liderimiz Heydər Əliyevin Borçalıda yaşayan azərbaycanlılara göstərdiyi qayğıdan söhbət açmış və 1994-cü ildən bəri məhz onun tapşırığı ilə Gürcüstandakı bütün Azərbaycan məktəblərinin dərslik və tədris ləvazimatı ilə təmin edildiyini minnətdarlıqla xatırlamışlar.
Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri çıxış edərək bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Gürcüstandakı azərbaycanlılara hər cür yardım bundan sonra da davam etdiriləcəkdir.