REGİONLAR
Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərindəki qəzalı körpü bərpa edilir VİDEO
Bakı, 31 oktyabr, AZƏRTAC
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 427-ci kilometrində yerləşən, Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpünün bərpası “Azəravtoyol” ASC tərəfindən həyata keçirilir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində bərpa işləri zamanı mövcud tikinti norma və qaydalarına əsasən körpünün hər iki tərəfində 50 metr uzunluğunda mühafizə və yeni sutənzimləyici baraj qurğular inşa edilir.
Bundan başqa, dərinlik boyu örtük hissə bərpa edilməklə bərkitmə işləri aparılır və diametri 0,3 metr olan daşlardan istifadə edərək qoruyucu bərpa tədbirləri görülür.
Qeyd olunub ki, 2011-ci ildə inşa edilən 3 aşırımlı körpünün uzunluğu 96,3 metr, eni 11,5 metr, çay məcrasından hündürlüyü isə 11 metrdir. Zəyəmçay üzərində tikilən körpü 377 min nəfər əhalinin yaşadığı Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə körpüdür və alternativ yol yoxdur.
Yolun beynəlxalq yük və sərnişin daşınmasındakı əhəmiyyəti nəzərə alınaraq, bərpa işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.