ŞƏMKİRDƏ GÜRCÜSTAN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ OLMUŞDUR
Rayon rəhbərliyi ilə keçirilən görüşdə icra hakimiyyətinin başçısı Aslan Aslanov bildirmişdir ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Gürcüstan dostluğu bu gün yüksələn xətt üzrə inkişaf edir.
Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Soso Mizmişvili ölkələrimiz arasında dostluğun bundan sonra daha da inkişaf edəcəyini vurğulamış, Gürcüstana daimi xoş münasibətə və qardaşlıq köməyinə görə Azərbaycan xalqına minnətdarlığını bildmişdir.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Saakaşvili tərəfindən inkişaf etdirilən mehriban münasibətlərin gözəl perspektivlər vəd etdiyi xüsusi qeyd olunmuşdur. Tbilisidəki Azərbaycan teatrına bina ayrılması bu dostluğun əməli təcəssümü kimi dəyərləndirilmişdir. Gürcüstanda yaşayan soydaşlarımıza Prezident İlham Əliyevin tapşırığı ilə daimi qayğı göstərildiyi və Tbilisidəki Azərbaycan teatrına minik avtomobili veriləcəyi bildirilmişdir.
Söhbət zamanı Kvemo Kartli-Borçalı bölgəsi ilə Şəmkir rayonu arasında müxtəlif sahələri əhatə edən əlaqələrin yaradılması qərara alınmış, belə işgüzar görüşlərin tez-tez keçirilməsi barədə razııq əldə olunmuşdur.
Sonda qonaqlara ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş gürcü dilində kitablar, “Türklər, azərbaycanlılar, ermənilər: Tarixi həqiqətin “soyqırımı” əsəri hədiyyə olunmuşdur.