REGİONLAR
Şəmkirin əsrarəngiz kanyonları FOTO VİDEO
Şəmkir, 28 aprel, Elcan Məmmədov, AZƏRTAC
Filmlərdə, yaxud da şəkillərdə xarici ölkələrdə görməyə vərdiş etdiyimiz mənzərələr əslində bizdən o qədər də uzaqda deyil. Azərbaycanın bütün bölgələri insanı valeh edən təbii gözəlliklərə malikdir. Bunlardan biri də minilliklərdən bəri formalaşan Şəmkir rayonu ərazisindəki kanyonlardır.
Coğrafiyaşünas Elvin Feyzullayev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, bu kanyonvari dərələr və parçalanmış relyef formaları təxminən 4500 il əvvəl burada Kür çayının daşması və ətraf əraziləri su basması nəticəsində yaranıb. 20 kilometr uzunluğunda olan kanyonların dərinliyi 300 metrə çatır.
“Əsrarəngiz kanyonvari dərələr Acınohur-Ceyrançöl öndağlıq fiziki-coğrafi rayonunda olduğuna görə gələcəkdə buralardan turizm obyekti kimi istifadə etmək olar. Buranın maraqlı relyefi və insanı valeh edən mənzərələri böyük marağa səbəb olur. Lakin zonanın yarım-çöl iqlim şəraiti olduğunu nəzərə alaraq, burada bəzi təhlükəsizlik qaydalarına riayət etmək vacibdir. Xüsusilə, torpaq qatının həddindən artıq yumşaq və tez dağıla bilən olması müəyyən zonalarda daha diqqətli olmağı tələb edir. Hava şəraitinin quraq olması zəhərli sürünənlərin də ərazidə çoxluq təşkil etməsinə gətirib çıxarır”, – deyə mütəxəssis diqqətə çatdırıb.
E.Feyzullayev deyib ki, kanyonların bir tərəfdən Kür çayına, digər tərəfdən Eldar şamı Dövlət Təbiət Qoruğuna yaxın olması ərazinin əlverişli turizm potensialından xəbər verir. Coğrafiyaşünas bu əsrarəngiz mənzərələrdən kifayət qədər insanın məlumatının olmadığını deyib: “Düşünürəm ki, bu ərazilərin təbliğatı aparılmalıdır. Əraziyə düşərgələr, səyahətlər təşkil olunsa, daha çox insan bu yerlər haqqında məlumatlı ola bilər. Bu da turizmin inkişafına gətirib çıxarar”.