Sənətkarlığa həsr edilən qısametrajlı filmlər seriyası təqdim olunur
Bakı, 19 may, AZƏRTAC
Britaniya Şurasının (British Council Azerbaijan) təşəbbüsü ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin də benefisiarı olduğu “Crafting Future” regional proqramı çərçivəsində sənətkarlığa həsr edilən qısametrajlı filmlər seriyası təqdim olunur.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sənətkarlığın müxtəlif növlərinə həsr olunan qısametrajlı filmlər Birləşmiş Krallığın “Reallıqdan ekrana: sənət filmi festivalı” çərçivəsində Azərbaycan dilində altyazı ilə nümayiş olunur.
Maraqlananlar filmləri mayın 21-dək https://bit.ly/2XaFwIz linki vasitəsilə qeydiyyatdan keçməklə izləyə bilər.
Xatırladaq ki, “British Council” təşkilatının dəstəyi ilə həyata keçirilən “Crafting Futures” proqramı Britaniya ilə digər ölkələr arasında təcrübə mübadiləsi üçün yeni tərəfdaşlıq əlaqələri və imkanlar yaradır. Proqram tətbiqi sənətin və sənətkarlığın inkişafına istiqamətlənmiş aktual tədqiqat və maarifləndirmə təşəbbüslərini dəstəkləyir. Beynəlxalq əməkdaşlıq sayəsində Britaniya ilə xarici ölkələr arasında ortaq öyrənmə üçün yeni şəbəkələr və imkanlar formalaşdırır. Proqram, həmçinin sənətkarlıq sahəsində tədqiqat və təhsilin təmin olunmasını, layihələrin aktuallığını, yaradıcı təcrübənin keyfiyyətinin qorunub saxlanılmasını və inkişafını davam etdirir.
“Crafting Futures” dizaynerlərə və sənətkarlara bilik və təcrübə, yeni bazarlar və auditoriya əldə etmək şəraiti yaradır, sənətkarlığın dəyərinin daha geniş qiymətləndirilməsini, biliklərin sektor daxilində paylaşılmasını təmin edir.