“SƏRBƏST TOPLAŞMAQ AZADLIĞI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN SƏMƏRƏLİ TƏTBİQİNƏ DAİR MÜZAKİRƏLƏR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, 27-28-də Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, ATƏT-in və Avropa Şurasının Bakıdakı ofisləri tərəfindən “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun səmərəli tətbiqinə dair seminar keçirilmişdir. Tədbirdə şəhər, rayon icra hakimiyyəti orqanlarının şöbə müdirləri və polis idarələrinin rəisləri iştirak etmişlər.
Seminarda Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə zamanın tələblərinə uyğun təkmilləşdirilmiş “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müddəalarının tətbiqinə dair praktik məsələlər müzakirə olunmuş, qanunun vəzifəli şəxslər, habelə toplantı təşkilatçıları və iştirakçıları tərəfindən düzgün icrasının vacibliyi qeyd edilmişdir.
Tədbirdə çıxış edənlər ölkəmizdə demokratik proseslərin dərinləşdiyini, demokratik hüquqi dövlət quruculuğu istiqamətində ciddi tədbirlərin görüldüyünü, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində qanunvericiliyin təkmilləşdirildiyini vurğulamışlar. Bildirilmişdir ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna əlavə və dəyişikliklər edildikdən sonra ölkəmizdə bu sahədə qanunvericilik müasir beynəlxalq hüquq normaları və standartlarına cavab verir.
Yığıncaqların, nümayişlərin, mitinqlərin və digər toplantıların seçki kampaniyasının ayrılmaz tərkib hissəsi olduğunu nəzərə alaraq, seminarda çıxış edənlər bu ilin oktyabrın 15-də prezident seçkilərinin ədalətli və şəffaf şəraitdə keçiriləcəyinə, bütün namizədlər üçün bərabər şəraitin yaradılacağına, Azərbaycan xalqının iradəsinin seçkilərin nəticələrində tam şəkildə öz ifadəsini tapacağına əmin olduqlarını bildirmişlər.
Müzakirələrin yekununda ölkəmizdə prezident seçkilərinin dinc, siyasi plüralizm və bərabərlik şəraitində keçirilməsi üçün belə tədbirlərin faydalı olduğu vurğulanmışdır.