SİYASƏT
Serbiya mətbuatı Azərbaycanın milli bayramı - Respublika Günündən yazır
Belqrad, 1 iyun (AZƏRTAC). Serbiyanın nüfuzlu xəbər saytlarında 28 May - Respublika Günü münasibətilə Belqradda keçirilmiş tədbir barədə məqalələr yerləşdirilmişdir.
Məqalələrdə tədbir çərçivəsində səfir Eldar Həsənovun və Serbiya Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri, ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Rasim Lyayiçin çıxışlarında səslənən fikirlərə yer verilmişdir.
Yazılarda bildirilir ki, E.Həsənov 96 il bundan əvvəl - 1918-ci il mayın 28-də “İstiqlal Bəyannaməsi”nin qəbul edilməsi ilə Şərqdə, bütün müsəlman dünyasında ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında məlumat vermişdir. Diplomat vurğulamışdır ki, 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.
Oxucuların diqqətinə çatdırılır ki, R.Lyayiç çıxışında Serbiyanın Azərbaycan ilə münasibətlərə mühüm önəm verdiyini diqqətə çatdırmışdır. O, dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə töhfə verdiyini bildirmişdir. O, Serbiyada baş vermiş ağır təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə bu ölkənin müraciəti əsasında Azərbaycanın dərhal göndərdiyi humanitar yardıma görə minnətdarlığını bildirmişdir.
Məqalələrin tam mətnlərini aşağıdakı linklərdə oxumaq olar:
http://www.tanjug.rs/FotoDet.aspx?galID=129654
http://www.b92.net/info/vesti/index.php?yyyy=2014&mm=05&dd=28&nav_category=78&nav_id=854179
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad