Sergey Bezuqlı – Maksim Prokopenko dueti Dünya Kubokunda qızıl medal qazanmışdır
Bakı, 8 may (AZƏRTAC). Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsində Azərbaycan yığması ilk medalını qazanmışdır. AZƏRTAC xəbər verir ki, 2 nəfərlik kanoe qayığı (C-2) ilə min metr məsafəyə yürüşdə çıxış edən Sergey Bezuqlı - Maksim Prokopenko dueti bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Kanoeçi cütlüyümüz bu məsafəni 3 dəqiqə 49,207 saniyəyə qət etmişdir. Min metr - olimpiya məsafəsi sayıldığından, Bezuqlı - Prokopenko duetinin bu nailiyyətinin əhəmiyyəti daha da artır. Belə ki, Poznandakı yarış həm də 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına hazırlıq məqsədi daşıyır. Dünya çempionatı isə avqustun 17 -dən 21-dək Macarıstanın Seqed şəhərində keçiriləcəkdir. Dünya Kubokunun I mərhələsində qızıl medal qazanmaqla, Bezuqlı - Prokopenko dueti olimpiya lisenziyalı dünya çempionatı öncəsi yüksək hazırlıq səviyyəsini nümayiş etdirmişdir. Bu duet 500 metr və 200 metr məsafələrə yürüşlərdə də medal qazana bilər. Onlar 200 metr məsafəyə mayın 8-də, daha sonra isə 500 metrlik məsafəyə final yürüşünə çıxacaqlar.
Bir nəfərlik kanoe qayığında (C-1) çıxış edən təmsilçilərimizdən Valentin Demyanenko və Andrey Kraytor Azərbaycan tarixində ilk dəfə eyni məsafəyə yürüşdə əsas finala yüksəlmişlər. Onlar mayın 8-də 500 metr məsafəyə final yürüşündə mübarizə aparacaqlar. Demyanenko dünya və Avropa çempionu olduğu 200 metr məsafəyə C-1 kateqoriyalı qayıqla yürüşdə də əsas finala vəsiqə qazanmışdır. O, seçmə mərhələdə 43,880 saniyə nəticə göstərərək, bütün rəqiblərini qabaqlamışdır. Məhz öz yarımqrupunda 1-ci yeri tutduğu üçün Demyanenko birbaşa əsas finala yüksəlmişdir. Eyni məsafəyə yürüş edən 19 yaşlı Andrey Kraytor isə seşmə mərhələdə 44,082 saniyə nəticə ilə öz yarımqrupunda 4-cü yeri tutmuşdur. Kraytor yarımfinal mərhələsində 44,380 saniyə nəticə göstərmiş və yenə 4-cü yeri tutmuşdur. Yarımfinalda ilk üçlüyə düşə bilmədiyindən, o, 200 metr məsafəyə yürüşdə əsas finala yüksələ bilməmişdir.
Bir nəfərlik kanoe qayığı (C-1) ilə min metr məsafəyə yürüş edən 2 kanoeçimizdən Adnan Əliyev seçmə mərhələdə mübarizəni dayandırmışdır. Boqdan Kurudz isə B finalında 4 dəqiqə 44,440 saniyə nəticə ilə 8-ci, ümumi hesabda isə 17-ci yeri tutmuşdur. Əliyevlə Kurudz mayın 8-də 5 min metr məsafəyə final yürüşündə iştirak edəcəklər.
Beləliklə, kanoeçilərimizdən C-1 kateqoriyalı qayıqla Valentin Demyanenkonun 500 metr və 200 metr, Andrey Kraytorun 500 metr, Adnan Əliyev və Boqdan Kurudzun 5 min metr, C-2 kateqoriyalı qayıqda isə Sergey Bezuqlı - Maksim Prokopenko duetinin 500 metr və 200 metr məsafələrə yürüşlərdə medal qazanmaq imkanı vardır.
Kayakçılarımıza gəldikdə, Azərbaycan tarixində ilk dəfə Dünya Kubokunun I mərhələsində çıxış edən Mirnazim Cavadov, Rüfət Vəlizadə - Tamerlan Mustafayev dueti və ilk qadın təmsilçimiz Natalya Fiklisova medal şanslarını itirmişlər.