SERGEY LAVROV: RUSİYANIN NABUKKO LAYİHƏSİNİN HƏYATA KEÇİRİLMƏSİNƏ HEÇ BİR ETİRAZI YOXDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu bəyanatı sentyabrın 2-də İstanbulda Türkiyəyə birgünlük işgüzar səfərə gəlmiş Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında vermişdir. İngilis jurnalistinin Rusiyanın alternativ enerji marşrutlarına müsbət yanaşmadığı barədə sualına cavabında rusiyalı nazir demişdir ki, Moskva enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə tərəfdardır. Rusiyanın Nabukko layihəsinə də heç bir etirazı yoxdur.
Rusiyanın Türkiyəyə verdiyi qazın nəqlini dayandırma ehtimalı ilə bağlı suala Sergey Lavrovun cavabı sərt olmuşdur. Nazir demişdir: “Siz nə danışırsınız? Bunu kim iddia edir? Bir nümunə göstərin ki, Rusiya neft və qaz nəqli sazişlərinə əməl etməmiş olsun”.
Sergey Lavrov və Əli Babacan daha sonra bəyan etmişlər ki, görüşdə Qafqazda Stabillik və Əməkdaşlıq Platforması, Qara dənizdəki NATO hərbi gəmiləri ilə bağlı gərginlik, İranın nüvə proqramı və ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılmışdır.
Sergey Lavrov Rusiyanın İrana S-300 raketləri satmaq haqqında gizli saziş imzaladığı xəbərlərini də təkzib etmişdir. Türkiyə ilə gömrük sahəsində 2 aydır ki, yaranmış gərginliyin də həll olunacağını söyləyən rusiyalı nazir, ABŞ-dan ət idxalına sırf keyfiyyət səbəbindən qadağa qoyulduğunu iddia etmişdir. Onun sözlərinə görə, Rusiya Gürcüstanda ATƏT-in monitorinq qrupunun olmasına tərəfdardır. Yalnız bu qrupun üzvləri hərbçilərdən ibarət olmamalıdır.
Əli Babacan gürcü həmkarının iki gün öncəki səfəri zamanı Türkiyədən hərbi yardım tələbinin olmadığını demişdir. Onun sözlərinə görə, Ankara Qafqazda bütün tərəflərlə sülh və sabitlik istiqamətində danışıqlar aparır.