CƏMİYYƏT
Sərhəd-buraxılış məntəqəsində Bayrağımızın ucaldılması dövlətimizin başçısının qətiyyətli siyasətinin təntənəsidir – Şərh
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətimizin növbəti qələbəsidir. Bu müstəqillik tariximizdə ən önəmli hadisələrdən biridir. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində dövlətimizin diplomatik masada və ordunun gücləndirilməsi istiqamətində qazandığı böyük qələbələrin davamıdır. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində böyük Zəfər əldə edildi. Düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. Eləcə də Kəlbəcər, Ağdam, Laçın şəhərləri bir güllə atılmadan Azərbaycana təhvil verildi.
Bunu AZƏRTAC-a açıqlamasında Qardaşlığımız Əbədidir QHT Koalisiyasının və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli söyləyib.
İctimai Birliyinin sədri qeyd edib ki, mütəmadi olaraq Azərbaycana qarşı dünyadakı xarici mediada çirkin qara piar kampaniya başlandı, təzyiqlər göstərildi. Onlar Azərbaycanın guya Qarabağda etnik təmizləmə siyasəti həyata keçirdiyini iddia edirdilər. Lakin heç bir təzyiq Prezident İlham Əliyevi qətiyyətli mövqeyindən geri döndərə bilmədi. Azərbaycan öz haqqını tələb etməkdə davam etdi. Hətta Azərbaycan Prezidenti Administrasiyası Qarabağ ermənilərinə reinteqrasiya və mövcud problemlərin həlli ilə bağlı müraciət edərək onların nümayəndələrini Bakıya dəvət etdi. Amma Azərbaycanın bütün çağırışları cavabsız qaldı.
“Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsi və təntənəsidir. Çünki ermənilər tərəfindən bu yolda təxribatlar davam edirdi, ara yollarla Qarabağa silah daşınırdı, bununla bağlı insidentlər baş verirdi. Azərbaycan Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratmaqla yalnız ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də öz ərazi bütövlüyünün tam bərpa etdiyini hamıya bir daha təsdiqlədi.
Həm diplomatik masada, həm də hərbi cəhətdən bir-birinin ardınca möhtəşəm qələbələr əldə edildi. Aparılan bu siyasətin məqsədyönlü davamı nəticəsində qısa zamanda növbəti uğurların şahidi olduq. Prezident İlham Əliyev haqlı olaraq söyləyib ki, bizim fəth edə bilməyəcəyimiz heç bir zirvə yoxdur. Laçın yolunda postun yaradılması bütünlükdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi baxımından böyük tarixi hadisədir. Bu nailiyyət hərb tariximizə qızıl hərflərlə yazılacaq”, - deyə Emin Həsənli diqqətə çatdırıb.
Onun sözlərinə görə, eyni zamanda Azərbaycan dünyadakı mövqeyini gündən-günə daha da gücləndirir və bu məqsədyönlü siyasət nəticəsində ölkəmiz gələcəkdə daha böyük uğurlara imza atacaq. Dövlətimiz iqtisadi, siyasi, ordu quruculuğu baxımdan inkişaf edir. Hazırda Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildəki Vətən müharibəsindəki qalib ordudan qat-qat güclüdür. Yeni komando və xüsusi təyinatlı hərbi hissələrimiz yaranır. Dünyada iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Diplomatik cəhətdən böyük uğurlar əldə edilir. Bu uğurların qazanılmasında Prezident İlham Əliyevin müstəsna xidmətləri var.
Emin Həsənli vurğulayıb ki, digər tərəfdən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsində Azərbaycan üçrəngli Bayrağının ucaldılması da daha bir tarixi nailiyyətdir. Aprelin 26-da yeni yaradılan məntəqədə Azərbaycan Bayrağının ucaldılması mərasimi keçirilib və oradan Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib. Aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən yaradılan məntəqədəki, eləcə də Şuşa, Laçın, Kəlbəcər və Qarabağın digər ərazilərində, Şərqi Zəngəzurda yüksələn bayraq, vaxt gələcək digər tarixi torpaqlarımızda dalğalanacaq. Odur ki, Laçın-Xankəndi yolunda Bayrağın ucaldılması möhtəşəm hadisədir və onun gələcək nəsillər üçün mühüm tarixi əhəmiyyəti var.