Şərqşünaslıq İnstitutunda akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş sərgi açılıb
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə institutun qadın əməkdaşlarının əl işlərindən ibarət “Zərifliyə ithafən” adlı sərgi açılışı olub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, institutun Qadınlar Şurasının təşkilatçılığı ilə keçirilən sərgidə əməkdaşlardan Fidan Nəsirova, Pərvin Əfəndi, Lalə Əliyeva, Günay Verdiyeva, Lalə Mikayılzadə, Zülfiyyə Vəliyeva-Önlən, Gülnar Quliyeva, Rəna Qocayeva, Röya Mirzəbəyova, Solmaz Namazova, Aynurə Kərimova və başqalarının 70-dən çox əl işi nümayiş olunur.
Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü Zərifə xanım Əliyevanın Azərbaycan tibb elmində böyük xidmətləri olduğunu söyləyib. O, görkəmli oftalmoloq-alimin 100 illik yubileyi ilə əlaqədar Şərqşünaslıq İnstitutunda bir neçə tədbirin, o cümlədən beynəlxalq konfransın keçirildiyini qeyd edib. Zərifə xanımın bir zəriflik təcəssümü olduğunu deyən R.Cümşüdlü görkəmli alimə həsr olunan “Zərifliyə ithafən” adlı sərgidə təqdim olunan yaradıcılıq nümunələrinin müxtəlifliyi, rəngarəngliyi ilə seçildiyini vurğulayıb.
İnstitutun Qadınlar Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımzər Kərimova bildirib ki, adətən ciddi elmi müzakirələr, seminar və konfranslarda elmi araşdırmalar, tədqiqatlarla sözünü deyən əməkdaşlar bu dəfə özlərini kifayət qədər peşəkarcasına fərqli ampluada, yaradıcılıq müstəvisində təsdiqləyiblər. Sərgiyə təqdim olunan əsərlər həm universal təfəkkürə sahib şərqşünas alimlərin mənəvi dünyasına tutulan güzgü, həm də sonsuz rəng spektorunu ehtiva edən incə qadın duyğularının incəsənətdə təzahürüdür. Sərgidə rəngkarlığın mənzərə, natürmort, dekorativ-tətbiqi sənətin ikebana, floristika, tikmə, toxuma, vitraj, kollaj, dekupaj kimi ən müxtəlif növlərinin nümunələri təmsil olunub. Kətan üzərində akril, yağlı və sulu boyalarla çəkilmiş əsərlərdə rənglərin harmoniyası, abstrakt janrda təqdim olunan lövhələrdəki kontrastlıq, təxəyyül azadlığı bu işlərin yüksək bədii dəyərinin göstəricisidir. Həmçinin ağac köklərindən hazırlanmış ikebanalar, quru güllərdən yığılmış kompozisiyalar tamaşaçılar tərəfindən böyük rəğbət və maraqla qarşılanan nümunələr arasında yer alır.
Sərgi mayın 3-dək davam edəcək.