Şərqşünaslıq İnstitutunda şəhidlik zirvəsinə ucalan mərd Vətən övladlarının xatirəsi anılıb
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı faciədə şəhidlik zirvəsinə ucalan mərd Vətən övladlarının xatirəsi yad edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbirdə Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva o qanlı gecədə baş vermiş faciəli hadisələrin xalqımızın qəhrəmanlıq tarixi olduğunu bildirib.
G.Baxşəliyeva həmin günlərdə, Azərbaycanın hərtərəfli blokadaya alındığı bir zamanda ümummilli lider Heydər Əliyevin Moskvada, başda Mixail Qorbaçov olmaqla Sovet rəhbərliyini tənqid edən bəyanat verməsini və Azərbaycan xalqının səsini bütün dünyaya çatdırmasını vurğulayıb. Alim şəhidlərin xatirəsinin anılması ilə bağlı fərman və sərəncamları diqqətə çatdırıb.
Tədbirdə digər çıxış edənlər qanlı hadisələrdən illər keçməsinə baxmayaraq xalqımızın o müdhiş gecəni daim xatırladığını və bu faciəni törədənlərə öz dərin nifrətini bildirdiyini söylədilər.