Şərqşünaslıq İnstitutunun fəaliyyəti müzakirə olunub
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görülən işləri müzakirə etmək və qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədilə iclas keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru, akademik Gövhər Baxşəliyevanın rəhbərliyi ilə keçirilən iclasda koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə sosial izolyasiya dövründə institutun əməkdaşlarının ev şəraitində nəzərdə tutulan plan işləri üzrə tədqiqatlarını davam etdirdikləri, araşdırmalarının nəticələrini nüfuzlu elmi jurnallarda dərc etdirdikləri qeyd olunub.
İclasda institutun Nəşriyyat və elmi informasiya təminatı şöbəsində çapa təqdim olunan kitabların redaktəsi üzərində işin davam etdirildiyi diqqətə çatdırılıb.
Tarix üzrə fəlsəfə doktoru Əmmar Abbasovun “Erkən islam tarixi məsələləri”, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Qasımlının “Türk tarixi və mədəniyyəti”, filologiya üzrə fəlsəfə doktoru İnci Qasımlının “Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi və müqayisəli mətni”, Vüqar Məmmədovun “Fars dilini tədqiq edən Azərbaycan alimləri” (XX əsr), fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənovanın “Müasir Türkiyədə islam dini, millət, millətçilik və milli dövlət problemlərinin şərhi” (rus dilində), iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimlinin “Seyid Cəfər Pişəvəri. Həyatı və siyasi fəaliyyəti” (rus dilində) kitablarının nəşrə tam hazır olduğu bildirilib.
Payız aylarında keçirilməsi planlaşdırılan “Şərq xalqlarının Bakı qurultayı-1920. Şərq dünyası 100 il əvvəl və bu gün”, Nəriman Nərimanovun anadan olmasının 150 illiyi münasibətilə “Nəriman Nərimanov — böyük maarifçi və ictimai-siyasi xadim” adlı respublika elmi konfranslarına dair nəzərdə tutulan işlər müzakirə edilib. Konfranslara tezislərin qəbuluna başlanılmasına, konfransdan sonra isə məruzələrin tam şəkildə dərc edilməsinə qərar verilib.
Tədbirlərin dəqiq tarixləri xüsusi karantin rejimi ləğv edildikdən sonra müəyyənləşdiriləcək.