ELM VƏ TƏHSİL
Şərur rayonunda psixoloq müəllimlərin seminarı keçirilmişdir
Şərur, 21 fevral (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Şərur rayonunun ümumtəhsil məktəblərində psixologiyanı tədris edən müəllimlərin seminarı keçirilmişdir.
Seminarda çıxış edən rayon təhsil şöbəsinin əməkdaşı İbrahim Yusifoğlu qeyd etmişdir ki, rayonun 59 ümumtəhsil məktəbində psixoloq müəllim çalışır. Həmin müəllimlərin normal fəaliyyət göstərməsi üçün xüsusi otaqlar ayrılmış, metodiki ədəbiyyatla təmin olunmuşlar. Son 4 il ərzində 50-dək psixologiya müəllimi Naxçıvan Müəllimlər İnstitutunun xətti ilə hazırlıq kursları keçmişdir. Seminarda Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqoji elmlər doktoru, professor Oruc Həsənli müasir dövrdə psixoloq müəllimlərin qarşısında duran vəzifələrdən, məktəbdə psixoloji xidmətin təşkili, məktəb psixoloqunun rastlaşdığı problemlər və onların aradan qaldırılması yollarından danışmışdır. Demişdir ki, I sinif şagirdlərinin ümumi psixoloji xarakteri, valideynlər və psixoloq müəllimlər tərəfindən verilən təkliflərin həyata keçirilməsi qaydaları, çağırış yaşlı şagirdlərin əsgəri xidmətə psixoloji cəhətdən hazırlanması və sair məsələlər məktəb psixoloqları tərəfindən diqqətdə saxlanılmalıdır.
Sonra Naxçıvan Müəllimlər İnstitutunun müvafiq kafedrası tərəfindən hazırlanmış kitab, cədvəl və sxemlər psixoloq müəllimlərə təqdim edilmişdir.