Səudiyyə Ərəbistanı hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
Bakı, 6 iyun (AZƏRTAC). İyunun 6-da xarici işlər nazirinin müavini Xələf Xələfov Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Abdulla bin Məhəmməd əl-Nasirin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, X.Xələfov ölkələrimiz arasındakı əlaqələrin dərin tarixi köklərə əsaslandığını söyləmiş, münasibətlərin dinamik inkişafından məmnunluğunu bildirmişdir. İki ölkə arasında əlaqələrin sürətlə inkişaf etməsinin Səudiyyə Ərəbistanı tərəfindən daim dəstəkləndiyini qeyd edən X.Xələfov nümayəndə heyətinin bu səfərini yüksək qiymətləndirmişdir. O, səfərin Səudiyyə Ərəbistanı-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələrindən, Azərbaycan torpaqlarının işğalından, qaçqınların və məcburi köçkünlərin problemlərindən, münaqişənin həlli prosesində Ermənistanın pozucu mövqeyindən danışan X.Xələfov rəsmi Ər-Riyadın hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırmışdır.
Nümayəndə heyətinin başçısı Abdulla bin Məhəmməd əl-Nasir bildirmişdir ki, o, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə yüksək səviyyədə olması fikri ilə razıdır. O, Səudiyyə Ərəbistanının dünya ölkələrini hər zaman sülhə çağırdığını və öz din qardaşlarını bütün məsələlərdə dəstəklədiyini bildirmişdir. Abdulla bin Məhəmməd əl-Nasir Səudiyyə Ərəbistanının Azərbaycanın müstəqilliyini tanıyan və ona Ermənistan tərəfindən edilmiş hərbi təcavüzü pisləyən ilk ölkələrdən biri olduğunu qeyd etmişdir. O, ölkəsinin Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini və dəstəkləməkdə davam edəcəyini vurğulamışdır.
İqtisadi, mədəni, humanitar, turizm, təhsil və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edən qonaq bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi ilə həmrəy olduğunu bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılmışdır.