ŞEVÇENKO İSTANBULA KÖÇÜR?
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, “Çelsi” komandasının və Ukrayna yığmasının 31 yaşlı hücumçusu Andrey Şevçenko İstanbulun “ Fənərbağça” komandasına keçə bilər.
Türkiyə klubunun prezidenti Əziz Yıldırım demişdir ki, elə bir forvardla razılıq əldə olunmuşdur ki, bu, komandanın tarixində ən böyük transfer olacaqdır. Yerli jurnalistlər güman edirlər ki, söhbət məhz Şevçenkodan gedir. Lakin bu zaman Rud van Nistelroyu, Tyerri Anrini, yaxud Samuel Eto`Onun namizədliyini də istisna etmirlər.
Sövdələşmənin təxminən 25 milyon avroya başa gələcəyi yeni oyunçunun maaşının isə ildə 7-10 milyon dollar olacağı təxmin edilir.
Xatırladaq ki, Şevçenkonun bu və ya digər kluba keçəcəyi barədə informasiyaya son vaxtlar tez-tez rast gəlinir. Dekabrın əvvəlində bildirilmişdi ki, Ukrayna hücumçusu öz karyerasını “Moskva” komandasında davam etdirə bilər. Komandanın baş məşqçisi Oleq Bloxin o vaxt bildirmişdi ki, İngiltərədə az qol vurmasına baxmayaraq, Şevçenkonu öz klubunda görmək istərdi: “Bizə daha bir çevik hücumçu lazımdır və mən istərdim ki, o, Andrey Şevçenko olsun. Mən onu Ukrayna yığmasından yaxşı tanıyıram, Andrey istənilən komandanı gücləndirməyə qadirdir”.
Şevçenko “Milan”dan “Çelsi”yə keçdikdən sonra onun reytinqi kəskin düşmüşdür. O, London klubunda oynadığı ilyarım ərzində İngiltərə çempionatında cəmi 6 dəfə fərqlənmişdir. Oyunçunun mümkün satışı, yaxud icarəyə verilməsi barədə şayiələr getdikcə daha çox səslənir. Ona görə də bir gün Roman Abramoviçin səbir kasasının daşacağı və oyunçunun “Çelsi”ni tərk edəcəyi istisna olunmur.