REGİONLAR
“SEVİL” QADINLAR MƏCLİSİ SUMQAYITDA SEMİNAR-TRENİNQ KEÇİRMİŞDİR
“Sevil” Qadınlar Məclisi və BMT-nin Qadın İnkişaf Fondu /YUNİFEM/ Sumqayıtda seminar-treninq keçirmişdir.
Qadınlar Məclisi şəhər təşkilatının sədri, şairə Ofeliya Babayeva iştirakçıları salamlayaraq, öz sıralarında 2 mindən çox qadını birləşdirən Sumqayıt şöbəsinin fəaliyyətindən danışmışdır. O, şəhərin həyatında qadınların rolunu açıqlayan konkret misallar gətirərək, bu yaxınlarda işıq üzü görmüş, təşkilatın işindən və onun fəal üzvlərindən söhbət açan “Sevil” sevilir, seçilir” kitabını təqdim etmişdir.
Seminarın rəhbəri, “Sevil” Qadın Məclisi sədrinin müavini Sevil Zeynalova bildirmişdir ki, BMT Baş Məclisinin qərarı ilə 1976-cı ildə yaradılmış YUNİFEM muxtar təşkilat kimi, BMT-nin İnkişaf Proqramı /BMTİP/ ilə sıx əməkdaşlıq edir. Fond innovasiya proqramlarına və strategiyalarına maddi və texniki yardım göstərir, qadınların hüquqlarını, onların siyasi həyatda iştirakını dəstəkləyir, müxtəlif məsələlərdə iqtisadi müdafiəni həyata keçirir.
S.Zeynalova YUNİFEM-in “Qadınlar münaqişələrin aradan qaldırılması və Cənubi Qafqazda sülh yaradılması uğrunda” regional layihəsindən söhbət açaraq vurğulamışdır ki, indiki seminar həmin layihə çərçivəsində keçirilir. O, layihənin məqsəd və vəzifələri barədə ətraflı məlumat vermişdir.
Müxtəlif peşələrə, millətlərə və konfessiyalara mənsub olan qadınların təmsil edildiyi seminarın iştirakçıları üç gün ərzində münaqişələrin aradan qaldırılması məsələlərinin öyrənilməsinə, sülh yaradılmasına və bu prosesdə qadınların roluna dair məsələləri müzakirə etmişlər. Müasir məşğələ sisteminin müxtəlif forma və metodlarından istifadə olunmuş seminarda cəmiyyətdə sosial ədalətin bərqərar edilməsindən, gender bərabərliyindən, münaqişələrin həllində və sülh yaradılmasında qaçqın və məcburi köçkün qadınların imkanlarının genişləndirilməsindən də danışılmışdır.
Seminar iştirakçılarına YUNİFEM-in sertifikatları təqdim olunmuşdur.