Səyyar Gənclər Xidmətinin əməkdaşları Masallı gəncləri ilə görüşüblər
Masallı, 23 avqust, İlkin Adıyev, AZƏRTAC
Səyyar Gənclər Xidmətinin növbəti - 8-ci dayanacağı Masallı rayonu olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ucqar kəndlərdə yaşayan gənclərin dövlət gənclər siyasəti ilə bağlı maarifləndirmə, eləcə də gənclərin sosial aktivliyinin dəstəklənməsi, asudə vaxtlarının səmərəli təşkili, onların bilik, bacarıq və dünya görüşünün genişləndirilməsinə yönəlmiş tədbirlər təşkil etmək məqsədi daşıyan "Səyyar Gənclər Xidməti" layihəsi Masallı rayonunda 5 günlük işinə başlayıb. Bu müddət ərzində Masallı gəncləri müxtəlif fəaliyyətlərə cəlb olunacaqlar.
Masallı şəhər Sakit Tağıyev adına 4 nömrəli tam orta məktəbdə keçirilən açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov “Səyyar Gənclər Xidməti" layihəsinin Masallıda həyata keçirilməsinin yerli gənclərin dövlətin yaratdığı imkanlardan birbaşa faydalanmasına şərait yaradacağını, onların rayonun sosial-iqtisadi inkişafında daha fəal rol oynayacağına inamını ifadə edib.
Daha sonra Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək, gənclərin inkişafı üçün belə layihələrin əhəmiyyətini vurğulayıb, gəncləri dövlətin onlar üçün yaratdığı fürsətlərdən yararlanmağa dəvət edib.
Rəsmi hissə rayon gənclərinin musiqili çıxışları ilə yekunlaşıb.
Çıxışlardan sonra qonaqlar tədbir ərazisi ilə tanış olub. Ərazidə STEAM formatlı innovativ sərgi, gənclərin “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş süni intellekt alətləri ilə yaratdıqları təsvirlər və rəsm əsərləri, virtual eynəklə virtual səyahət yer alıb.
Beş gün ərzində Masallı gənclərinə müxtəlif xidmətlər təklif olunacaq. Gənclər üçün şəxsi anketin (CV) yaradılması, gənclərin maraq dairələrinə uyğun “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları, robototexnika, rəsm çəkmə, 3D printer və qələm, tətbiqi şəbəkə sənəti üzrə master-klaslar bu xidmətlər arasında olacaq.
Bunlarla yanaşı, layihə çərçivəsində müxtəlif intellektual oyunlar, maraqlı yarışlar da keçiriləcək.
Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” tərəfindən həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsinin bu il oktyabr ayınadək hər birində 5 gün olmaqla, 10 şəhər və rayonda, eləcə də Naxçıvan Muxtar Respublikasında ucqar kənd gənclərinə xidmət göstərməsi nəzərdə tutulur.