İQTİSADİYYAT
Siandan Budapeştə Orta Dəhliz vasitəsilə konteyner qatarı yola salınıb
Astana, 20 sentyabr, AZƏRTAC
Çinin Sian şəhərində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) vasitəsilə Avropaya konteyner qatarının təntənəli yolasalma mərasimi keçirilib.
AZƏRTAC Qazaxıstan mediasına istinadən xəbər verir ki, 55 ədəd qırx futluq konteynerdən ibarət qatar “Sian Beynəlxalq Limanı” stansiyasından Budapeştə yola düşüb.
Tədbirdə Qazaxıstan, Çin, Azərbaycan, Gürcüstan dəmir yollarının, həmçinin Şensi əyalətinin, Sian şəhərinin partiya komitəsi və hökumətinin nümayəndələri iştirak ediblər. Qatar təxminən 7 min kilometr məsafəni qət edərək 8-11 gün ərzində Bakıya çatacaq. Ehtimal olunur ki, qatar son məntəqə olan Budapeştə təqribən 25 gün ərzində çatacaq.
Çatdırılma müddətinin azaldılması, xidmətin yeni səviyyədə təqdim edilməsi TBNM-in iştirakçı ölkələrinin dəmir yolu və liman idarələrinin səmərəli əməkdaşlığı sayəsində mümkün olub.
Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çini və Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə birləşdirir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana