Şifahi nitqi mətnə çevirən sistemin yeni versiyası hazırlanıb
Bakı, 1 may, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Dilmanc” layihəsi şifahi nitqi mətnə çevirən “Dilmanc imla” sisteminin yeni versiyasını istifadəyə verib.
Layihə qrupundan AZƏRTAC-a verilən məlumata görə, əvvəlki versiyadan fərqli olaraq proqramın yeni versiyası daha keyfiyyətlidir. Bu versiya smartfon tipli mobil telefonu mikrofon kimi istifadə etməyə imkan yaradır.
Proqramın istifadə qaydası çox sadədir. Belə ki, “Dilmanc imla” yükləndikdən sonra kompyuterə yazılmış proqramın təklif etdiyi birləşmə kodu telefona daxil edilərək kompyuter və telefon arasında internet üzərindən əlaqə qurulur. Bundan sonra telefon mikrofon kimi istifadə oluna bilər. Kursoru kompyuterdə mətn yazmaq üçün nəzərdə tutulan hər hansı pəncərəyə (məsələn, “Microsoft Word” və ya istənilən mətn prosessorunun pəncərəsi) qoymaqla işə başlamaq olar. Telefona deyilən imla avtomatik olaraq mətnə çevrilərək kompyuterə yazılır. “Dilmanc” tərəfindən yaradılmış digər proqramlar kimi bu proqram da ödənişsiz yayılır və layihənin saytından köçürülür.
Xatırladaq ki, “Dilmanc” layihəsinin elmi rəhbəri rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovdur.