Sığortaçılar Assosiasiyası Sosial Tədqiqatlar Mərkəzi ilə memorandum imzalayıb
Bakı, 9 mart, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Sosial Tədqiqatlar Mərkəzinin rəhbər heyəti arasında görüş keçirilib.
ASA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu mərkəz haqqında məlumat verərək həyata keçirilən layihələrdən danışıb.
Baş verən proseslərin cəmiyyətə təsir imkanlarının müəyyənləşdirilməsi məqsədilə mərkəzin reallaşdırdığı tədqiqat və sorğu fəaliyyətinin vacibliyinə toxunan sədr müavini, növbəti mərhələdə məhz bu kimi addımlarla önəmli bir maliyyə seqmenti olan sığorta sahəsinin inkişafında da maraqlı olduqlarını bildirib. Mərkəz rəsmisi, eyni zamanda, son dövrlər sığorta sahəsində xüsusi bir canlanma yarandığını və bu müsbət dəyişiklikdə Sığortaçılar Assosiasiyasının önəmli rol oynadığını xüsusi qeyd edib.
Assosiasiyanın icraçı direktoru Elmar Mirsalayev də öz növbəsində ASA haqqında ətraflı məlumat verib. O, mərkəzin fəaliyyətini yaxından izlədiklərini və həyata keçirilən layihələrin mövcud vəziyyətdə yaratdığı müsbət təsirlərin müşahidə edildiyini bildirib. İki qurum arasında təmin olunan bu əməkdaşlığı yüksək qiymətləndirən assosiasiya rəhbəri, həmçinin növbəti mərhələdə aparılacaq sorğu və tədqiqatlar nəticəsində sığorta sektorundakı fundamental problemlərin aşkarlanmasında, onların tez zamanda aradan qaldırılmasında və bununla da ölkə iqtisadiyyatının dayanıqlı inkişafında maraqlı olduqlarını bildirib.
Görüşün sonunda Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Sosial Tədqiqatlar Mərkəzi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.