DÜNYA
Şimali Amerikanın əzəli sakinləri olan hinduların əcdadları Sibirin cənubundakı Altaydan oralara getmiş qədim türklərdir
Bakı, 28 yanvar (AZƏRTAC). Amerikalı və rus antropoloqların apardıqları araşdırmaların nəticələrinə görə, Şimali Amerikanın əzəli sakinləri olan hinduların əcdadları Sibirin cənubundakı Altaydan oralara getmiş qədim türklərdir.
AZƏRTAC “Scientist”ə istinadən xəbər verir ki, ABŞ-dakı Pensilvaniya Universitetinin antropologiya kafedrasının dosenti Teodor Şurr Rusiya, Monqolustan, Çin və Qazaxıstanın kəsişdiyi Altayın on minlərlə il ərzində çoxsaylı xalqların köç yeri olduğunu vurğulamışdır. Amerika qitəsində ilk insanların ulu əcdadları da bu xalqlardan biri olmuşdur. Daha doğrusu, hinduların əcdadları 20-25 min il əvvəl Altaydan Amerikaya köç edən insanlardır.
Araşdırmalar zamanı aşkar olunmuşdur ki, amerikalı hindular və Altayın cənubunda yaşayan qədim türk tayfalarının DNT-lərindəki Y xromosomu identikdir. Üstəlik, hindularla altaylı xalqların, xüsusilə də yakutların genlərində anadan miras olan mitoxondriya gen molekullarının da eyni olduğu aşkarlanmışdır.