Sinxua agentliyi ABŞ-ın Çin jurnalistlərinə viza müddətini məhdudlaşdırmasına etirazını bildirib
Pekin, 15 may, AZƏRTAC
Çinin dövlət xəbər agentliyi olan Sinxua ABŞ-ın bu ölkədə fəaliyyət göstərən Çin jurnalistləri üçün viza müddətini 90 günədək azaltmasına sərt etirazını bildirib.
AZƏRTAC xəbər verir ki, Sinxuanın yaydığı açıqlamada Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Departamentinin bu addımı çinli jurnalistlərə qarşı ayrı-seçkilik və səbəbsiz bir təzyiq, habelə ABŞ tərəfinin təbliğ etdiyi “mətbuat azadlığı” riyakarlığının ifşası kimi qiymətləndirilib.
Agentlik ABŞ-dakı jurnalistlərinin bu ölkənin qanunlarına tabe olduqlarını, fəaliyyətlərinin isə obyektiv və tərəfsiz mövqeyə söykəndiklərini bəyan edib. Rəsmi Vaşinqtonun Çin kütləvi informasiya vasitələrinin nümayəndələrinə qarşı son zamanlar tətbiq etdiyi məhdudiyyətlər Sinxua-nın jurnalsitlərinin də işinə maneələr yaradıb. Belə ki, ABŞ vizası üçün müraciət edərkən və ya məzuniyyətdən sonra Birləşmiş Ştatlara qayıdarkən Sinxua jurnalistlərinin bir neçəsinə qəsdən çətinliklər törədilib.
Çin tərəfinin məlumatına əsasən, cari ilin fevralında ABŞ hökuməti Sinxua agentliyi daxil olmaqla Çinin 5 media orqanını “xarici missiya” elan edib və de-fakto olaraq çinli jurnalistləri ölkədən çıxarmağa çalışır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin