Sinxua: Qoşulmama Hərəkatı COVID-19-la mübarizə üçün birləşir
Pekin, 5 may, AZƏRTAC
Çinin rəsmi xəbər agentliyi Sinxua Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü haqqında xəbər yayıb.
AZƏRTAC xəbər verir ki, materialda Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin açılış nitqinə geniş yer verilib, dövlətimizin başçısının Azərbaycanın pandemiya ilə mübarizədə gördüyü işlər barədə fikirləri, o cümlədən ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, bütün kütləvi tədbirlərin təxirə salınması, təhsil müəssisələrində tədris prosesinin dayandırılması, xüsusi karantin rejiminin tətbiq edilməsi barədə fikirləri əks olunub.
Prezident İlham Əliyevin Azərbaycanın bu istiqamətdə təcrübəsini Qoşulmama Hərəkatının üzv dövlətləri ilə bölüşməyə hazır olması fikrinə toxunan Sinxua yazır ki, Azərbaycan ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırıb.
Qeyd olunub ki, videokonfransda BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusa, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat çıxış edib, BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciətini dinlənilib.
Bildirilib ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilmiş Zirvə görüşünün yekununda Bəyannamə qəbul edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin