Şinzo Abe və Patrik Şanahan Yaponiya-ABŞ ittifaqı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər
Tokio, 5 iyun, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ müdafiə nazirinin vəzifələrini icra edən Patrik Şanahan Hind-Sakit okean regionunun azad və açıq olması məqsədilə əməkdaşlıq edəcəklərini bir daha vurğulayıblar.
AZƏRTAC xəbər verir ki, Tokioda keçirilən görüşdə Şinzo Abe ötən ay ABŞ Prezidenti Donald Tramp ilə birlikdə Yaponiya özünümüdafiə qüvvələrinin “Kaqa” gəmisini ziyarət etdiklərini xatırladıb. Baş nazir bildirib ki, bu addım həm yapon xalqına, həm də bütün dünyaya iki ölkə arasındakı ittifaqın gücünü nümayiş etdirib.
Baş nazir ümid etdiyini bildirib ki, Yaponiya-ABŞ ittifaqı bundan sonra da istənilən hücuma cavab vermək üçün möhkəmlənəcək və Hind-Sakit okean regionunun azad və açıq olmasına imkan yaradacaq.
Mayda Şimali Koreyanın yaxın məsafəli raketləri sınaqdan keçirdiyini xatırladan Patrik Şanahan Asiyada təhlükəsizlik məsələləri mövzusunda bu günlərdə Sinqapurda keçirilən beynəlxalq konfransda Pxenyanın nüvə silahının ləğvi ilə əlaqədar Yaponiya və digər ölkələrin nümayəndələri ilə birlikdə müzakirələrin aparıldığını xatırladıb.
Patrik Şanahan deyib ki, ABŞ oğurlanmış yaponlar probleminin həlli üçün Yaponiya tərəfini həmişə dəstəkləyəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio