Siyavuş Novruzov: Ermənilər Yaxın Şərqdəki terrorçuların metodlarından istifadə edirlər
Bakı, 20 sentyabr, AZƏRTAC
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri işğaldan azad olunmuş ərazilərdə lokal antiterror əməliyyatlarını həyata keçirir. Biz Ordumuza bu işdə uğurlar arzulayırıq, onu dəstəkləyirik. Bu tədbirləri zəruri edən bir sıra səbəblər var ki, onlar da ictimaiyyətə açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sentyabrın 20-də keçirilən iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, Azərbaycanın sülh çağırışına baxmayaraq, Ermənistan dövləti, separatçı rejim öz xislətinə uyğun olaraq bundan yayınmaq üçün müxtəlif bəhanələr gətirdi. Onların imzalanmış protokolun mühüm maddələrini pozmaları, eyni zamanda, azərbaycanlılara, orada yaşayan dinc sakinlərə qarşı mütəmadi olaraq terror aktları həyata keçirmələri antiterror tədbirlərini zəruri edib. 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar Azərbaycan ərazisinə gətirib basdırılıb. Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində silahlar toplanılırdı. Bu məsələni Müdafiə Nazirliyi də dəfələrlə qaldırıb onların qarşısında. 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra bu silahlar haradan peyda olur? Bu silahlar haradan gəlir? Çünki Azərbaycan Ordusu həmin dövrdə Ermənistanın bütün silah-sursatını darmadağın etmişdi. İndi görürük ki, oradan yeni silahlar, texnikalar çıxır və Azərbaycana qarşı təxribatlar həyata keçirilir.
“Müharibədən sonrakı dövrdə 314 Azərbaycan vətəndaşı minadan zərər çəkib. Onlardan 253 nəfəri ağır xəsarət alıb, 61 nəfəri dünyasını dəyişib. Bunlar arasında dinc sakinlər, uşaqlar var, əsgərlərimiz var. Hətta yeni çəkilmiş yolların ərazisinə də onlar minalar basdırırlar. Hazırda istər Kəlbəcərə, istər Laçına, istər Zəngilana insanlar köç edirlər, ailələr gedirlər. Bizim borcumuz ailələrin təhlükəsizliyini təmin etməkdir. Buna görə də bu, lokal xarakterli antiterror tədbirləri həyata keçirməlidir. Bütün dünya ölkələr də bilməlidir ki, bura Azərbaycanın ərazisidir. Orada yaşayan ermənilərin təhlükəsizliyini də elə məhz Azərbaycan dövləti öz üzərinə götürüb. Bu gün biz şahid oluruq ki, ermənilər Yaxın Şərqdəki terroristlərin metodlarından istifadə edib, ağır texnikaları məktəblərin həyətində, əhalinin arasında gizlədirlər ki, ora Azərbaycan Ordusu atəş açmasın. Yəni ermənilərin hər üzünü görürük”, - deyə komitə sədri qeyd edib.