Siyəzəndə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş sərgi-müsabiqə təşkil olunmuşdur
Siyəzən, 21 fevral (AZƏRTAC). Fevralın 20-də Siyəzəndə ümumtəhsil məktəblərinin şagirdləri arasında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı xalqımıza qarşı törədilmiş misli görünməmiş cinayətdir” mövzusunda sərgi-müsabiqə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin təhsil, eləcə də mədəniyyət və turizm şöbələri ilə birgə təşkil etdiyi müsabiqədə şəhər və kənd məktəblərinin, Uşaq İncəsənət Məktəbi və Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri iştirak etmişlər. Müsabiqəyə ümumilikdə 50-dən çox rəsm əsəri təqdim olunmuşdur.
Tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Çıxışlarda vurğulanmışdır ki, Xocalı soyqırımı nəinki xalqımıza, eləcə də bütün insanlığa qarşı yönəlmiş böyük cinayətdir.
Sonra tədbir iştirakçıları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın bədii təsviri olan əl işlərindən ibarət sərgiyə baxmışlar.
Müsabiqədə fərqlənmiş şagirdlər fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılmışlar.