İQTİSADİYYAT
“SOCAR istiqrazları” üzrə növbəti faiz ödənişi olub
Bakı, 17 aprel, AZƏRTAC
Vətəndaşlar və investorlar üçün alternativ yatırım imkanı təqdim edən və investisiya üçün ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş “SOCAR istiqrazları” aprelin 17-də baş tutan sayca 14-cü faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollar gəlir qazandırıb. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 17 milyon 500 min dollara yüksəlib.
“SOCAR Capital” şirkətindən AZƏRTAC-a bildirilib ki, nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 5 faiz olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən “SOCAR istiqrazları”nın 1,25 milyon dollarlıq rüblük faiz ödənişi istiqraz sahiblərinin hesablarına köçürülüb.
Təkrar bazar əməliyyatları həcminin 190 milyon dollara çatması, bağlanmış əqd sayının 2000-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi və REPO əməliyyatlarının 34 milyon dollar təşkil etməsi “SOCAR istiqrazları”na olan yüksək tələbatın göstəricilərindəndir.
“SOCAR istiqrazı”nın sahibləri əlverişli şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda, istiqraz(lar)ı müvafiq bankda girov qoymaqla 15-16 faizlə manat krediti cəlb edə bilərlər. Bu halda istiqraz sahibləri 5 faizlik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9-10 faizə qədər enmiş olur.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan “SOCAR istiqrazları”nın növbəti faiz ödənişi iyulun 17-də baş tutacaq. Ətraflı məlumat üçün “*19 99” nömrəsi investorların xidmətindədir.