SON 10 İLDƏ BƏŞƏRİYYƏT ACLIQ ÇƏKƏNLƏRİN SAYINI AZALDA BİLMƏMİŞDİR
Təşkilatın baş katibi Jak Diufun sözlərinə görə, 2001-2003-cü illərdə dünyada ac qalan və doyunca yeməyən insanların sayı 854 milyon nəfər idi. Onların 820 milyonu inkişaf etməkdə olan ölkələrdə, 25 milyonu keçid iqtisadiyyatlı ölkələrdə, 9 milyonu inkişaf etmiş ölkələrdə yaşayırdı. İnkişaf etməkdə olan ölkələrdə ac qalanların sayı 1990-1992-ci illərdə 823 milyon idi və on ilə onların sayının 3 milyon azalması statistik xəta həddindədir. Afrikanın bəzi ölkələrində, o cümlədən Konqo Demokratik Respublikasında əhalinin 70 faizə qədəri aclıqdan əziyyət çəkir.
ÜƏKTT-nin məlumatına görə, 1970-ci illərdə dünyada acların sayını 37 milyon, 1980-ci illərdə 100 milyon nəfər azaltmaq mümkün olmuşdur. 1990-cı illərdə üçüncü dünya ölkələrində acların sayı dəyişməmişdir. J.Diufun sözlərinə görə, 1996-cı ildə Romada keçirilmiş Ümumdünya Ərzaq sammitində qarşıya qoyulan qlobal məqsədə çatmaq – 2015-ci ilədək planetdə aclıqdan əziyyət çəkənlərin sayını 2 dəfə azaltmaq getdikcə daha da çətinləşir.