REGİONLAR
Son dörd ildə Tərtərdə barama tədarükü 19,1 dəfə artıb
Tərtər, 11 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər respublikamızda kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu sahəyə dövlət dəstəyinin nəticəsidir ki, respublikamızda barama istehsalı ildən-ilə dəfələrlə artır.
2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev son illərdə baramaçılığın inkişafından bəhs edərək deyib: "Baramaçılıq bizdə demək olar ki, tamamilə itirilmişdi, 2015-ci ildə cəmi 200 kiloqram barama yığılmışdı. Ancaq keçən il 630 ton oldu. “Şəki İpək” fəaliyyət göstərməyə başladı, orada yüzlərlə insan işləyir. İpəkçiliklə bağlı düşünülmüş konsepsiya olmalıdır".
Respublikamızın digər bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. Tərtər Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonun xeyli inkişaf edən sahələrdən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildən yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayon kümçüləri tərəfindən 959 kiloqram, 2017-ci ildə 4601 kiloqram, 2018-ci ildə 10 min 228 kiloqram, 2019-cu ildə isə 18 min 322 kiloqram barama istehsal edilib. Barama tədarükü 2018-ci ilə nisbətən 79,1 faiz, son 4 ildə 19,1 dəfə artıb. İpəkqurdunun yem bazasının bərpası məqsədilə son üç ildə rayon ərazisində 250 mindən artıq tut tingi əkilib.
A.Cavadov qeyd edib ki, rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını dəfələrlə artırmağa imkan verir.