Son iki gündə beş minə yaxın nəqliyyat vasitəsi polis-karantin postlarından geri qaytarılıb
Bakı, 20 iyun, AZƏRTAC
Artıq ikinci gündür ki, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayanların və qeydiyyatda olan şəxslərin rayona getmələri cəhdləri müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
K.Əliyev diqqətə çatdırıb ki, dünən axşama qədər təxminən 5 minə yaxın nəqliyyat vasitəsi bu inzibati ərazilərin sərhədlərində yerləşən polis-karantin postlarından geri qaytarılıb. Onlardan dörd mini Bakı, mini isə əks istiqamətə geri qaytarılıb.
“Belə halların qarşısının alınması məqsədilə xüsusi texniki vasitələr artıq işə salınıb. Yəni, rayon istiqamətinə əgər kimsə hər hansı bir alternativ - torpaq yolla keçməyə cəhd göstərmək məqsədilə həmin ərazilərə gedirsə, nəzərə almalıdır ki, onların nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı postlardan əvvəlki ərazidə qeydiyyata alınıbsa, bir müddət sonra isə həmin dövlət qeydiyyat nişanları postların olduğu ərazidə görünmədən növbəti ərazilərdə görünərsə, bu karantin rejiminin pozulmasıdır. Həmin sürücülər əmin olmalıdırlar ki, belə hallar xüsusi texniki vasitələrlə aşkar ediləcək və onlar məsuliyyətə cəlb olunacaqlar”, - deyə K.Əliyev bildirib.