Son illər ölkəmizdə aparılmış arxeoloji araşdırmaların nəticələri müzakirə edilib
Bakı, 20 aprel, AZƏRTAC
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları xüsusi karantin dövründə səmərəli elmi fəaliyyətlərini davam etdirirlər. Onların “Facebook” sosial şəbəkəsində yaratdıqları “Arxeoloqlar karantində” qapalı qrupunda görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilməkdədir. Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
Müəssisənin əməkdaşları Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş videokonfrans təşkil ediblər. Arxeologiya və Etnoqrafiya İnstitutunun, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları, eləcə də Avropa ölkələrində arxeologiya ixtisası üzrə təhsil alan magistrantlar videokonfransa qatılıblar.
Onlayn konfransda ölkəmizdə son illər aparılan arxeoloji araşdırmaların nəticələri və tədqiqatlardan sonra abidələrin ümumi vəziyyəti əsas müzakirə obyekti olub. Müzakirələrdə dünyanın yeni çağırışlarına uyğun formatda qazıntılar aparılması, arxeoloji abidələrin mühafizəsi və bərpası istiqamətində əlaqədar dövlət təşkilatları ilə əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyi vurğulanıb.
İştirakçılar arxeologiya sahəsində gənc kadrların hazırlanması, tədqiqatlarda müasir texnologiyalardan istifadə və arxeometrik araşdırmalar istiqamətində müzakirələr aparıb, ölkəmizin təhsil sistemində Arxeologiya fakültəsinin təşkilinin vacibliyini qeyd ediblər.
Videokonfransda ölkəmizdə arxeoloji tədqiqatların aparılması ilə əlaqədar bir sıra problemlərin aradan qaldırılması üçün Nazirlər Kabinetinin müəyyən qərarlarında müvafiq dəyişikliklər edilməsinə dair təkliflər hazırlanmasının önəmi bildirilib. Müzakirələr zamanı institutun və onun nəzdindəki Arxeoloji Fondun müasir dünya standartlarına cavab verən inzibati binasının inşasına ciddi ehtiyac olduğu qeyd edilib.
Sonda arxeologiyaya dair onlayn konfransların xüsusi karantin dövründə davam etdirilməsi qərara alınıb.