Sosial işçi: Yaşlı sakinlərin qayğılarını yüngülləşdirəndə qəlbən mənəvi rahatlıq tapıram
Bakı, 17 aprel, AZƏRTAC
İlahə Cəbiyeva nə az, nə çox, tənha yaşayan 8 qocaya xidmət edir. Üstəgəl də 13 nəfər yaşı 65-dən yuxarı olan sakinlər...
Asandırmı? Asan deyil!
İndi heç bir evin, bir ailənin öhdəsindən gəlmək olmur. Biri dərman istəyir, biri ərzaq tələb edir, biri də qulaq yoldaşı...
Amma vaxt haradadır? Gərək elə edəsən ki, hamısına çatdıra biləsən. Bir qapını bir gün açmayanda növbəti gün gedirsən ki, səndən inciyib. Di gəl başa sal ki, axı köməyə ehtiyacı olan, yardım gözləyən başqaları da var... Hər gün neçə ünvana tələsmək, neçə qapını döymək lazım gəlir...
AZƏRTAC xəbər verir ki, bunlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsində sosial xidmət sektorunda sosial xidmətçi kimi çalışan İlahə Cəbiyevanın gündəlik qayğılarıdır. O, artıq 23 ildir ki, bu qayğılarla yaşayır.
Gülarə Nağıyeva da onun xidmət etdiyi sakinlərdən biridir, 84 yaşı var, əsa ilə hərəkət edir, öd kisəsində problemlər var. Gülarə xala kimsəsizdir, bir bacısından başqa qalanları rəhmətə gedib, o da yataq xəstəsidir. Onun gözü hər gün qapının açılmasını gözləyir. Hər gün telefonla İlahəyə zəng edir, ona lazım olan ərzaqları marketdən və dava-dərmanları aptekdən alıb gətirməyi, bankomatdan aylıq pensiyasını alıb gətiriməyi xahiş edir.
Xidmət göstərdiyi ərazidə İlahəni gözləyən yaşlı sakinlər çoxdur: K.Səfərəliyeva küçəsində Validə Ağalarova, R. Behbudov küçəsində Badam Səfərəliyeva, S.Əsgərova küçəsində Fəridə Əliyeva... Lakin son günlər koronavirus pandemiyasına yoluxmamaq üçün yaşı 65-dən yuxarı olanların evdən çıxmağı qadağan edilib. Xidmət göstərdiyi ərazidə həmin yaşdan yuxarı olanlara da qulluq göstərmək onun üzərinə düşüb, necə deyərlər, iş çox, vaxt yox...
İlahə Cəbiyeva öz fikirlərini bölüşərək deyib: “Xidmət göstərdiyim yaşlı sakinlərin hamısını atam, anam, doğmam kimi qəbul edirəm. İmkanım daxilində onların qayğılarını yüngülləşdirməyə, ehtiyaclarını ödəməyə çalışıram. Buna nail olanda qəlbimdə mənən rahatlıq tapıram”.
Prezident İlham Əliyevin aprelin 14-də imzaladığı “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncama əsasən sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq maaşının bir misli miqdarında müddətli əlavə müəyyən edilməsi nəzərdə tutulur. Həmin Sərəncam İlahənin də qəlbində xoş duyğular oyadıb. “Çəkilən zəhmətə layiqli qiymət verilməsi, onun dəyərləndirilməsi ruh yüksəkliyi yaradır. İndiki heç də asan olmayan vaxtda bunu əməyimizə çox böyük diqqət hesab edirəm. Həm də bu cür qayğı ömrünün ixtiyar çağlarını yaşayan yaşlı sakinlərin taleyin ümidinə buraxılmadığını və dövlətin həmişə onların yanında olduğunu göstərir”, deyə İ.Cəbiyeva bildirib.
Nəsimi rayonunda hər gün binadan-binaya, ünvandan-ünvana bir xanım tələsir. Üz tutduğu hər mənzildə, döydüyü hər qapıda onun yolunu səbirsizliklə gözləyən yaşlı sakinlər var. Ümid yeri olmaq özü də xoşbəxtlikdir...