Sosial şəbəkələrdə onlayn yolla narkotik vasitə satan daha bir şəbəkə ifşa edilib VİDEO
Bakı, 21 sentyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələrdə təmassız, yəni, onlayn yolla satışı ilə məşğul olan, bu yolla əldə edilən külli miqdarda pul vəsaitlərinin qeyri-leqal yolla dövriyyəsinə nəzarət edən daha bir mütəşəkkil cinayətkar dəstənin üzvlərinin ifşası istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı əvvəlcə nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən instaqram və digər sosial şəbəkələr vasitəsilə ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olan səhifələrin hərtərəfli monitorinqi aparılıb və əldə olunan məlumatlar təhlil edilib. Əməliyyat yolu ilə əldə olunan elektron sübutlar və digər materiallar araşdırılan zaman müəyyənləşdirilib ki, instaqram sosial şəbəkəsində açılmış səhifələr vasitəsilə narkotik maddələr, əsasən “patı”, “şüşə” adlandırılan metamfetamin və “kola”, “kokos” adlanan heroinin satışı təşkil olunur. Həmin səhifələrdə müxtəlif banklara məxsus kartların şəkilləri vatsap ani mesajlaşma tətbiqi ilə alıcılara göndərilir. Ölkə daxilində alıcılar həmin kartlara pul ödədikdən sonra narkotik vasitələr kuryerlər vasitəsi ilə onlara çatdırılır. İnstaqramda fəaliyyət göstərən çoxsaylı belə səhifələrin ünvanları dəqiqləşdirilib və nazirliyin feysbuk şirkəti ilə qarşılıqlı əməkdaşlıq fəaliyyəti çərçivəsində həmin səhifələrin xarici ölkələrdən idarə olunduğuna dair rəsmi cavab alınıb.
Araşdırma zamanı müəyyən olunub ki, narkoşəbəkəyə daxil olan şəxslər gizliliyi təmin etmək məqsədilə bir-birilərini tanımadan fəaliyyət göstərirlər və iki əsas hissəyə ayrılırlar. Şəbəkəyə daxil olan birinci dəstə əsasən narkotik vasitələrin istifadəçilərindən ibarət olmaqla xaricdəki narkotacirlər üçün ölkə ərazisində kuryerlik fəaliyyəti ilə məşğul olublar. Yəni, həmin narkotacirlərin vatsap ani mesajlaşma sistemi vasitəsilə göndərdikləri ünvanlara narkotik maddələri çatdırıblar. İkinci dəstənin üzvləri isə narkotik vasitələrin satışından əldə edilən pul vəsaitlərinin leqallaşdırılmasını təmin ediblər. Bu məqsədlə onlar vətəndaşlara şirnikləndirici, asan yolla pul qazanmaq vədi verərək adlarına, hətta bir adamın adına bir neçə bank kartı açıblar. Daha sonra həmin kartlara narkotik vasitələrin onlayn yolla satışından əldə edilən pul vəsaitləri toplanıb.
Baş İdarə əməkdaşlarının müxtəlif vaxtlarda və məkanlarda həyata keçirdikləri əməliyyatlar zamanı ölkə daxilində narkotik vasitələrin satışından əldə olunan pul vəsaitlərinin toplanaraq deyilən ünvanlara çatdırılmasına rəhbərlik edən şəxslər Fərqanə Nağıyeva, onun həyat yoldaşı Adəm Nağıyev, eləcə də dəstəyə daxil olan daha 18 nəfər - Əli Ağayev, Abbas Məhərrəmov, Naib Abdullayev, Rüzgar Qəribov, Rəhim İbrahimov, Kamil Məmmədov, Əminə Yusifova, Cavid İsmayılov, Məcid Hüseynov, Orxan Cəfərov, Orxan Fərəcli, Yavər Həsənov, Elman Əliyev, Əliqulu Bayramov, Orman Səfərov, Mirsəid Əliyev, Ramiz Nağıyev və Toğrul Əbdüləzimov saxlanılıblar.
Dəstə üzvlərinin ətraflarında aparılan əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, onlar ölkə ərazisində müxtəlif şəxslərə aid narkotik vasitələrin satışı zamanı istifadə edilən iki minə yaxın kart hesabı açıblar. Həmin şəxslərin yaşadıqları ünvanlara baxış zamanı həmin kartların böyük bir qismi, həmçinin paytaxtda və bölgələrdə narkotik vasitələrin anbar kimi saxlanıldığı evlərdən külli miqdarda heroin, metamfetamin, psixotrop tərkibli dərmanlar, elektron tərəzilər və digər maddi sübutlar aşkarlanıb.
Araşdırma zamanı dəstə üzvlərinin narkotik vasitələrin satışı zamanı kart hesablarına toplanan pullar vasitəsilə internet üzərindən müxtəlif kriptovalyutalar və həmin ölkəyə idxal edilən digər məhsullar alaraq xaricdəki narkotacirlərə göndərdikləri müəyyən edilib.
Əməliyyat zamanı dəstənin xaricdə yaşayan başçılarından, yəni, narkotacirlərin də bir neçəsinin şəxsiyyəti müəyyən edilib və onların saxlanılaraq yaşadıqları ölkələrdə məsuliyyətə cəlb olunmaları və ya Azərbaycana ekstradisiyası istiqamətində tədbirlər davam etdirilir.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin 193-1.3.1-ci (mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırlması), 206.4-cü, 234.4.1-ci, 234.4.3-cü və 240.3.1-ci (mütəşəkkil dəstə halında qaçaqmalçılıq yolu ilə narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma, satma) maddələri ilə cinayət işi başlanıb. Dəstə üzvlərinin hər biri barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir.