DÜNYA
“Şpigel” Belçikada casusluq barədə informasiya dərc etmişdir
Bakı, 5 oktyabr (AZƏRTAC). Belçika hökuməti ehtimal olunan casusluq barədə informasiya təqdim etmək xahişi ilə Böyük Britaniyaya müraciət etmişdir. Belə ehtimalların mənbəyi Almaniyada çıxan “Şpigel” jurnalı olmuşdur. Jurnalda ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snoudenin ötürdüyü materiallar əsasında məqalə dərc edilmişdir.
Açıqlanmış sənədlərdə deyilir ki, Britaniyanın elektron kəşfiyyatı “Belqakom” rabitə operatorunun şəbəkələri ilə yayılan məlumatların məxfi izlənilməsi üçün onun elektron sisteminə virus yeritmişdir. Virus “Balqakom” əməkdaşlarının kompyuterlərini yoluxduraraq, şirkətin elektron sistemlərindəki informasiyaya yol açmışdır.
“Belqakom” Yaxın Şərq və Afrika ölkələrinə səsli telefon trafikin verilməsi sahəsində liderlərdən biridir. Avropa Komissiyası, Avropa Şurası və Avropa Parlamenti onun müştəriləri arasındadır.
Belçika Federal Prokurorluğu sentyabrda bildirmişdir ki, əcnəbi dövlət tərəfindən ehtimal edilən casusluq hallarını araşdırır. Avropa Parlamenti də öz araşdırmasına başlamışdır. Onlar inandırırlar ki, şirkətin sistemi casus virusdan təmizlənmişdir.