“STAR” MƏİŞƏT AVADANLIĞI ZAVODU İLƏ TANIŞLIQ
![]() |
![]() |
Zavodun kollektivi dövlətimizin başçısını və xanımını böyük hörmət və ehtiramla qarşıladı.
“Evsen” şirkətlər qrupunun prezidenti Əli Evsen dövlətimizin başçısına məlumat verərək bildirdi ki, uzunluğu 210 metr, eni 72 metr olan sahədə istehsal xətti quraşdırılmışdır. Burada soyuducu, kondisioner və paltaryuyan maşın istehsal ediləcəkdir. Müəssisədə tam istehsal prosesi yaradılacaq, yəni, məhsul buraxılışı üçün lazım olan bütün hissələr burada hazırlanacaqdır. Zavodda quraşdırılan avadanlıq ABŞ, Yaponiya, Tayvan və İtaliyadan gətirilmişdir. Burada ildə müxtəlif modellərdə 300 min ədəd kondisioner, 200 min ədəd müxtəlif ölçülü soyuducu və 150 min ədəd paltaryuyan maşını istehsal etmək nəzərdə tutulur. Müəssisədə 1500 nəfər çalışacaq, onların 3 faizini xarici mütəxəssislər təşkil edəcəkdir. İşçilərin hamısı xaricdə xüsusi kurslar keçmişdir. Hazırda orta əmək haqqı 150-160 manatdır. Gələcəkdə istehsal sahələri genişləndikcə, əmək haqqı da artırılacaqdır. Bu ilin mayında Malayziyadan gələcək mütəxəssislərin iştirakı ilə müəssisə tam işə düşəcəkdir.
Prezident İlham Əliyev müəssisənin ayrı-ayrı istehsal sahələrini gəzdi, quraşdırılmış avadanlıqla tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, zavod təkcə Azərbaycanda yox, bütün regionda bu tipli yeganə müəssisədir. Zavod zəngin təcrübəsi olan beynəlxalq səviyyəli müəssisələrlə də əməkdaşlıq edəcəkdir.
Sonra Prezident İlham Əliyev Şamaxı avtomobil zavodunun istehsalı olan ehtiyat hissələrindən ibarət sərgiyə baxdı. Məlumat verildi ki, “AzSamand” markalı avtomobillər istehsal edən bu zavod indiyədək 1000 ədəd maşın buraxılmışdır. Gələcəkdə “Pejo-206” və “Pejo-405” markalı avtomobillərin isehsalı da nəzərdə tutulur. Hazırda zavodda bir növbədə 70 işçi çalışır, müəssisənin özünün sınaq poliqonu vardır.
Dövlətimizin başçısı bu cür müəssisələrin ölkə iqtisadiyyatı üçün əhəmiyyətini vurğuladı və ölkəmizdə belə yüksək səviyyəli istehsal sahələrinin yaradılmasının qürur doğurduğunu bildirdi.
Burada rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə Şamaxıda görülən işlərlə bağlı məlumat verdi. Bildirdi ki, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində rayonda bir neçə məktəb tikilmişdir. Yeni yollar çəkilir, elektrik enerjisi təminatında heç bir problem yoxdur. Turizmin inkişafı üçün Fransa şirkətləri ilə yeni layihə hazırlanır. Şamaxıya göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirən icra hakimiyyətinin başçısı dedi ki, ayrılan vəsaitlər hesabına bir çox problemlər öz həllini tapır. Sürüşmə zonasında yerləşən obyektlər, məktəblər Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.
Prezident İlham Əliyev rayonun daha da inkişafı, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün gələcəkdə də tədbirlər görüləcəyini bildirdi, səhiyyə, təhsil, turizm sektorunun dirçəldilməsi, fermer təsərrüfatlarına xüsusi diqqətin yetirilməsi barədə müvafiq tövsiyə və tapşırıqlarını verdi.
Bununla da Prezidentin Şamaxıya səfəri başa çatdı.