İQTİSADİYYAT
“Star” NEZ İSO 500 siyahısında Türkiyənin 6-cı böyük sənaye müəssisəsi olub
Bakı, 27 may, AZƏRTAC
İstanbul Sənaye Palatasının (İSO) ölkənin sənaye sektorunu qiymətləndirmək məqsədilə apardığı araşdırmalara əsasən, “Türkiyənin 500 böyük sənaye müəssisəsi 2020” siyahısında “SOCAR Turkey”in törəmə müəssisələrindən olan “Star” neft emalı zavodu (NEZ) Türkiyənin 6-cı, “Petkim” isə 23-cü ən böyük sənaye müəssisəsi olub.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Turkey”in “Star” neft emalı zavodunun 2020-ci ildə istehsal satışları 24 milyard 30 milyon TL həcmində olub. “SOCAR Turkey”in uzun illər İSO 500 siyahısında ilk yerləri tutan digər bir törəmə müəssisəsi “Petkim” isə 8 milyard 732 milyon TL-lik satış həyata keçirib.
“Star” NEZ və “Petkim”in “Türkiyənin 500 böyük sənaye müəssisəsi” siyahısında əldə etdiyi nailiyyəti dəyərləndirən “SOCAR Turkey”in baş direktoru Zaur Qəhrəmanov deyib: “Türkiyənin neft məhsulları ehtiyacının təxminən 25 faizini qarşılayan “Star” NEZ-in açılışından bu günə kimi 2 ilə yaxın qısa bir müddətdə əldə etdiyi göstəricilərlə Türkiyənin ən böyük sənaye müəssisələri arasında ilk yerlərdən birini tutması bizi çox sevindirir. 10,5 milyon ton illik emal gücü ilə ildə 4,8 milyon ton dizel və 1,6 milyon ton nafta ilə yanaşı, Türkiyədəki cari kəsirin mühüm komponentlərindən olan təyyarə yanacağı və LPG kimi məhsulların da istehsalını reallaşdıran “Star” NEZ əldə etdiyi satış rəqəmləri ilə pandemiya dövrünün çətin şərtləri ilə uğurlu göstəricilərə nail olub. Digər tərəfdən neft-kimya sektorunda xammal qıtlığı səbəbindən bir sıra neft-kimya şirkətinin istehsalı azaltdığı, hətta tam dayandırdığı bir zamanda adıçəkilən siyahıda yer almış digər bir törəmə müəssisəmiz “Petkim” isə “Star” NEZ ilə inteqrasiyalı fəaliyyətin verdiyi üstünlüklərdən faydalanaraq fasiləsiz istehsala davam edib və istehsal gücünün aktivliyini 88 faizə çatdırıb. Türkiyənin strateji sahələrində fəaliyyət göstərən iki nəhəng müəssisəmiz ilə istehsal gücümüzü göstərdiyimiz və sənayenin ən böyük dəstəkçilərindən biri olduğumuz üçün qürur duyuruq”.