DÜNYA
Ştutqart Almaniyanın “ən mədəni” şəhəridir
Berlin, 29 sentyabr, AZƏRTAC
Almaniyada əhalisinin sayı 1 milyondan çox olan cəmi 4 şəhər var - Berlin, Hamburq, Münxen və Köln. Təqribən 630 min sakini olan Ştutqart Almaniyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş şəhərlərindən biridir. Adambaşına ÜDM göstəricisi üzrə Ştutqart yalnız Frankfurt-Mayndan geri qalır. Təbii ki, iqtisadiyyatın vəziyyəti mədəniyyətin vəziyyətinə də təsir göstərir.
AZƏRTAC xəbər verir ki, Ştutqart 2012, 2014 və 2016-cı illərdə Almaniyanın qeyri-rəsmi “mədəni paytaxtı” titulunu qazanıb. 2018-ci ilin reytinqində Ştutqart həm istehsalın həcmi, həm də istehlak miqyası göstəriciləri üzrə əsas rəqiblərini üstələyib. Ştutqartın liderliyini bu şəhərdəki teatrlar və kitabxanalar təmin edir. Dövlət teatrlarının ştatlı əməkdaşlarının sayına görə bu şəhər dünya rekordçusudur. Büdcədən maliyyələşdirilən opera və dram teatrlarının, habelə balet truppasında 1350 nəfər daimi işçi var.
Berenberg Bank və Hamburqdakı Dünya İqtisadiyyatı İnstitutu hər il Almaniya şəhərlərinin mədəni reytinqini tərtib edir. Bu reytinqdə ölkənin ən iri 30 şəhərinin mədəni həyatı müqayisə edilir. Bu siyahıda əhalisinin sayı ən çox olan şəhər Berlin, ən kiçik şəhər isə Axendir. Almaniya şəhərlərinin mədəni həyatı tədqiq edilərkən yalnız təklif ilə tələbin kəmiyyət nisbəti nəzərə alınır. Mədəniyyətin keyfiyyətini, məsələn, tamaşa və sərgilərə rəylər əsasında müəyyən etmək olardı. Lakin bu göstərici şəhərlərin reytinqinə təsir etmir.
Şəhərlərin mədəni həyatı iki mühüm meyar əsasında qiymətləndirilir: şəhərdə inkişaf etmiş mədəni infrastrukturun mövcudluğu və ondan fəal istifadə edilməsi. Bu, o deməkdir ki, şəhərdə muzeylərin, teatrların, kitabxanaların sayı və mədəni layihələr üçün ayrılan pul nə qədər çoxdursa, şəhər sakinləri konsertlərə və tamaşalara nə qədər tez-tez gedirsə, şəhərin reytinqdə yeri bir o qədər yüksək olur.
Mədəni təklifin miqyası teatrlarda və kinoteatrlarda tamaşaçı yerinin sayına, hər il keçirilən sərgilərin sayına, kitabxana işinin inkişafına və abidələrin qorunmasına ayrılan dövlət subsidiyalarının həcminə əsasən müəyyən edilir. Mədəniyyətə tələb isə hər bir şəhərdə teatrlara, kinoteatrlara, muzeylərə, kitabxanalar və festivallara gələnlərin sayı əsasında təyin olunur. Bundan əlavə, şəhərin ümumi iqtisadiyyatında mədəni seqmentin payı və şəhər əhalisinin ümumi sayında yaradıcı peşə adamlarının payı nəzərə alınır.
Almaniyanın ən iri 30 şəhərinin mədəni həyatının güclü və zəif cəhətlərini əks etdirən xüsusi reytinqlər əsasında yekun siyahı tərtib edilib. Baden-Vürtemberq federal əyalətinin paytaxtı artıq neçə ildir ki, yekun mədəni reytinq siyahısında liderlik edir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin