Sudan məişətdə və kənd təsərrüfatında qənaətli istifadə məsələləri müzakirə olunub
Zaqatala, 25 may, Mustafa Dadaşov, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Su Ehtiyatları Agentliyi və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mayın 25-də Zaqatala şəhərində “Sudan məişətdə və kənd təsərrüfatında qənaətli istifadənin təmin edilməsi məqsədilə ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işlərinin daha da gücləndirilməsi” mövzusunda seminar keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əlaqədar dövlət qurumlarının nümayəndələri, ərazi icra nümayəndəliklərinin və bələdiyyələrin, idarə, müəssisə və təşkilatların rəhbərləri, fermerlər iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, tədbiri rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov açaraq, Prezident İlham Əliyevin 2020-ci il iyulun 27-də imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın icrası ilə bağlı Zaqatala rayonunda görülən işlər barədə məlumat verib.
Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Ehtiyatlarının İdarə Edilməsi şöbəsinin baş məsləhətçisi Vəfa Məmmədova, nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin baş məsləhətçisi Dünya Həsilova, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim şöbəsinin müdiri Cəlal Hüseynli, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə mövzu ilə bağlı çıxışlar edib, fikirlərini bildiriblər.
Su ehtiyatlarının qorunması, səmərəli idarə olunması və qənaətli istifadəsi, su obyektlərinə qanunsuz qoşulmaların qarşısının alınması məqsədilə su mənbələrindən istifadəyə icazələrin alınması mexanizmləri, suvarma qrafikləri üzrə növbəliyə riayət olunması, mütərəqqi suvarma texnologiyaların tətbiqi və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, kənd təsərrüfatının inkişafı, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində ölkəmizdə suya olan tələbat ildən-ilə artır. Ona görə də, əkin sahələrinin suvarılması zamanı sudan səmərəli istifadə olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilməlidir.
Seminarın sonunda fermerlərin mövzu ilə bağlı sualları cavablandırılıb, təklifləri dinlənilib.