REGİONLAR
Sumqayıt Reabilitasiya Mərkəzi postmüharibə dövründə 250-dən çox qaziyə xidmət göstərib
Sumqayıt, 24 iyun, Ə.Rzayeva, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi KİV nümayəndələrinin qazilərə göstərilən reabilitasiya xidmətləri ilə tanışlığı üçün Sumqayıt Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.
AZƏRTAC xəbər verir ki, mediatur zamanı jurnalistlər qazilərə göstərilən dövlət qayğısı barədə ətraflı məlumatlandırılıblar. Bildirilib ki, 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib, onlara 190 min xidmət göstərilib.
Dəstək tədbirlərinin bir istiqaməti də Vətən müharibəsi əlillərinin reabilitasiya xidmətləri və vasitələri ilə təminatına yönəlib. Postmüharibə dövründə Agentliyin reabilitasiya mərkəzlərində 2500 qaziyə xidmət göstərilib, 1400-dən çox müharibə əlilinə 19,3 min reabilitasiya vasitəsi verilib. Vətən müharibəsinin 200 qazisi, ümumən 300 müharibə əlili son nəsil müasir protezlərlə təmin edilib.
Sumqayıt Reabilitasiya Mərkəzində də postmüharibə dövründə 250-dən çox qaziyə stasionar və ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib.
KİV nümayəndələri Mərkəzdə yaradılan şəraitlə və Vətən müharibəsi qazilərinə göstərilən xidmətlərlə, burada tətbiq olunan fizioterapevtik prosedurlarla tanış olublar.
Sonra əlilliyi olan şəxslərin Mərkəzdə tətbiqi sənətlə məşğul olmaları üçün yeni yaradılmış emalatxananın açılışı keçirilib. Açılış mərasimində şəhid anaları da iştirak ediblər. Burada əlilliyi olan şəxslərin taxta üzərində oyma, çay daşı üzərində rəsm, saplarla makrama, filoqrafiya sənəti və s. üzrə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə lazımi şərait yaradılıb.
Jurnalistlərlə söhbət zamanı Sumqayıt Reabilitasiya Mərkəzində onlar üçün yaradılan şəraitdən razılıqlarını bildirən qazilər burada sağlamlıqlarını bərpa etməklə bərabər, həm yaradıcılıq bacarıqlarını inkişaf etdirdiklərini, həm də asudə vaxtlarını səmərəli keçirdiklərini söyləyiblər.