Sumqayıt Rəsm Qalereyasında iki sərgi açılıb
Sumqayıt, 8 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə Sumqayıt Dövlət Rəsm Qalereyasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə iki sərgi təşkil olunub.
Qalereyanın direktoru Ellada Həsənova AZƏRTAC-a bildirib ki, bunlardan biri Şəhər Təhsil İdarəsi və Məhəmməd Füzuli adına 15 saylı tam orta məktəbin birgə təşkilatçılığı balaca rəssam Mehriban Əliyevanın "Rənglərin dünyası" adlı fərdi sərgisidir. İkincisi isə LLBS tədris mərkəzinin, Start Education Centre və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə gənc rəssam və dekorativ tətbiqi sənət ustası, dizayner Tərlan Hacıyeva və onun tələbələrinin rəsm və əl işlərindən ibarət sərgidir.
15 saylı tam orta məktəbin rəsm müəlliməsi Sevda Bənnayevanın şagirdi Mehriban Əliyevanın sərgisində 50-yə yaxın rəsm işi təqdim olunub. Tərlan Hacıyeva və onun tələbələrinin sərgisində isə 90 rəsm əsəri və 50 dekorativ tətbiqi işləri nümayış etdirilib. “Məqsədimiz gənc nəslin incəsənətə olan marağını artırmaq, onların yaradıcı duyumunu inkişaf etdirmək, estetik zövqünün formalaşmasında yardımçı olmaqdır”, - deyən E.Həsənova sərgilərin gənc rəssamları tanıyıb-tanıtmaq baxımından da əhəmiyyətini vurğulayıb.
Tədbirdə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Ceyhun Hüseynov çıxış edərək gənc rəssamları fəxri fərman və hədiyyələrlə təltif edib.
S.Rüstəmov adına Şəhər Uşaq İncəsənət Məktəbinin simli alətlər şöbəsinin skripka sinfinin şagirdlərinin ifasında klassik musiqilər dinlənilib.