SUMQAYIT YÜKSƏK GƏRGİNLİKLİ ELEKTRİK ŞƏBƏKƏSİNDƏ TƏMİR İŞLƏRİ APARILIR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, payız-qış mövsümündə istehlakçıları elektrik enerjisi ilə fasiləsiz təmin etmək üçün “Sumqayıt yüksək gərginlikli elektrik şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində təmir-bərpa işləri aparılır.
İşlərin cədvəlinə uyğun olaraq 330 kilovoltluq “Yaşma” yarımstansiyasında avtotransformatorlarda cari təmir işləri, test ölçmələri aparılmış, yüksək gərginlikli transformatorlar, yağ açarları, kondensatorlar, gərginlik ayırıcıları və qeyri-xətti gərginlik məhdudlaşdırıcıları təmir edilmişdir.
220 kilovoltluq “Sənaye qovşağı” və 110 kilovoltluq “Sumqayıt-2” və “Sumqayıt-3” yarımstansiyalarında da müvafiq tədbirlər görülmüşdür.
135 nömrəli 110 kilovoltluq yarımstansiyada 40 meqavatlıq güc transformatorunda təmir işləri aparılmışdır. Hazırda 6 kilovoltluq qapalı paylayıcı obyektdə yenidənqurma işləri görülür.
Bundan əlavə, yüksək gərginlikli elektrik naqilləri də əsaslı və cari təmir edilmişdir.
Enerji obyektlərində baş verə biləcək yanğınların qarşısını almaq məqsədi ilə ərazi quru otdan və yağ tullantılarından təmizlənir.