Sumqayıtda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilmişdir
Sumqayıt, 21 fevral (AZƏRTAC). Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı faciəsinin 22-ci ildönümü ərəfəsində Sumqayıt şəhərində məskunlaşmış Xocalı sakinləri ilə şəhər rəhbərliyinin görüşü keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov görüşdə Xocalı soyqırımının tarixi haqqında danışmışdır. Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə Xocalının dinc əhalisinə qarşı qanlı qırğın törətmişlər. Nəticədə qadınlar, körpə uşaqlar, qocalar daxil olmaq 613 dinc sakin amansızcasına qətlə yetirilmiş, yüzlərlə insan girov götürülmüşdür. E.Əzizov ermənilərin Xocalıda törətdikləri qətliamın, şəhərin yerlə-yeksan edilməsinin indiyədək dünya tarixində törədilmiş ən böyük cinayətlərdən biri olduğunu söyləmişdir.
İcra hakimiyyətinin başçısı Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti, “Xocalıya ədalət” kampaniyasının təşəbbüsçüsü Leyla Əliyevanın xidmətlərindən danışmışdır.
Sonra Eldar Əzizov Sumqayıtın mərkəzində Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılacaq abidənin eskizini təqdim etmişdir.
Görüşdə çıxış edən xocalılı sakinləri həmin gecənin dəhşətlərindən danışmışlar. Sakinlər Xocalıda qanlı qırğın törətmiş cinayətkarların məsuliyyət daşıdıqlarını bildirmiş, onların cəzalandırılmasının vacibliyini vurğulamışlar.
Çıxış edənlər qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda şəhərdə məskunlaşmış Xocalı sakinlərinə maddi yardım göstərilmişdir.