Sumqayıtda qohum və tanışlarının evlərindən oğurluq edən qadın saxlanılıb VİDEO
Bakı, 20 sentyabr, AZƏRTAC
Sumqayıt şəhərində evlərdən oğurluq edən qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının zərərçəkənlərin müraciətləri əsasında həyata keçirdikləri əməliyyat nəticəsində şəhər sakini Nərminə Məmmədova saxlanılaraq istintaqa təqdim olunub. Onun bu ilin əvvəlindən başlayaraq Sumqayıtda qohum və tanışlarına məxsus beş evdən oğurluq etdiyi müəyyənləşdirilib. Həmin şəxs mənzillərdən əsasən pul və qızıl-zinət əşyaları oğurlayıb.
Qeyd edək ki, N.Məmmədova oğurluq etməzdən əvvəl həmin mənzillərin açarlarını əldə edərək surətlərini çıxarıb. Daha sonra ev sahibləri orada olmadığı müddətdə mənzillərdən oğurluqlar edib. Hətta bir epizodda o, oğurluq edəcəyi mənzilin sahibini öz evinə qonaq da çağırıb. Həmin şəxsin qonaq olduğu müddətdə Nərminə Məmmədova vacib iş dalınca getdiyini bildirərək evdən çıxıb və həmin mənzildən oğurluq edib. Saxlanılan şəxs ifadəsində törətdiyi oğurluqların hər birini etiraf edib.
Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Bu şəxsin digər cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Sumqayıt Şəhər Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin nazirliyin 102 - Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.